İstehlak Mallarının Ekspertizası Mərkəzinə ayrılmış stenddə qiymətli metal məmulatlarının tərkibinin analizi, əyar göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, həmçinin dövlət əyar damğasının məmulatların səthinə həkk edilməsi prosesi nümayiş etdirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində İstehlak Mallarının Ekspertizası Mərkəzi (İMEM) Azərbaycan Zərgərlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Azerbaijan Jewelry Show” beynəlxalq zərgərlik sərgisində iştirak edib. 40-a yaxın yerli və xarici şirkətin qatıldığı sərgidə qiymətli daşlar, qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatları, külçələr və sikkələr, bijuteriya, eləcə də zərgərlik sənayesi üçün avadanlıq və ləvazimatlar nümayiş etdirilib.
İstehlak Mallarının Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən sərgi iştirakçıları və ziyarətçilərə qiymətli metalların və qiymətli daşların analizi, eləcə də ekspertizası sahəsində göstərilən xidmətlər və mövcud qanunvericiliyin tələbləri barədə məlumat verilib. Bu məqsədlə Mərkəzin stendində müvafiq xidmətlərin göstərilməsi zamanı istifadə olunan XRF - rentgen-flüoressensiya spektrometri və lazer damğavurma qurğuları quraşdırılıb. Həmin avadanlıqlar vasitəsilə qiymətli metal məmulatlarının dövlət əyar nəzarəti çərçivəsində yoxlanılması və damğalanması mərhələləri əyani şəkildə nümayiş etdirilib.
Qeyd: Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2025-ci il tarixli Fərmanı ilə ölkədə dövlət əyar nəzarəti, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması və izlənməsi sahələrində dövlət nəzarəti, həmçinin emal edilməmiş almazın idxalına və ixracına rəy verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aid edilib.
İİB Qrupu ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir
Mikayıl Cabbarov: Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxan təbii ixrac marşrutudur