Vaxt azdır, yoxsa onu idarə etmək çətinləşib?
Müasir dövrdə insanların ən çox işlətdiyi ifadələrdən biri “vaxtım yoxdur” cümləsidir. Texnologiyanın inkişafı, onlayn xidmətlərin geniş yayılması və bir çox proseslərin avtomatlaşdırılması insanların həyatını asanlaşdırsa da, boş vaxt problemi hələ də aktuallığını qoruyur. Maraqlıdır ki, əvvəlki nəsillərlə müqayisədə daha çox texnoloji imkanlara malik olan insanlar özlərini daha məşğul hiss edirlər.
Gündəlik həyat ritminin sürətlənməsi boş vaxt anlayışına da təsir göstərib. İş, təhsil, ailəvi məsuliyyətlər və sosial öhdəliklər insanların günlərinin böyük hissəsini əhatə edir. Bunun üzərinə sosial şəbəkələrdə keçirilən saatlar və mütəmadi olaraq məlumat axınına məruz qalmaq da əlavə olunduqda, günün necə keçdiyini hiss etməmək adi hala çevrilir.
Bir çox hallarda problem boş vaxtın olmamasından deyil, onun necə keçirilməsindən qaynaqlanır. İnsanlar gün ərzində sosial şəbəkələrdə, müxtəlif video platformalarında və ya telefonda nəzərəçarpmayan şəkildə xeyli vaxt sərf edirlər. Nəticədə günün sonunda görülməsi planlaşdırılan işlər yarımçıq qalır və vaxt çatışmazlığı hissi yaranır. Görünən mənzərə odur ki, boş vaxtın əhəmiyyətli hissəsi rəqəmsal mühitdə keçirilsə də, bu, hər zaman istirahət hesab olunmur. Əksinə, bəzi hallarda uzun müddət ekran qarşısında qalmaq insanlarda yorğunluq və diqqət dağınıqlığı yarada bilir.
Əvvəllər insanlar istirahət etmək və ya boş vaxtlarını səmərəli dəyərləndirmək üçün ailə üzvləri ilə söhbət edir, kitab oxuyur, gəzintiyə çıxır, müxtəlif hobbilərlə məşğul olurdular. Bu gün isə rəqəmsal texnologiyalar asudə vaxt vərdişlərini əhəmiyyətli dərəcədə dəyişib. Xüsusilə gənclər arasında boş vaxtın böyük hissəsinin virtual məkanda keçirilməsi müşahidə olunur. Bu isə fiziki aktivliyin azalmasına, sosial ünsiyyətin zəifləməsinə və bəzi hallarda insanların özlərini daha təcrid olunmuş hiss etmələrinə səbəb ola bilir.
Müasir cəmiyyətdə məhsuldarlıq anlayışı ön plana çıxıb. Belə ki, insanlar yalnız işləyərkən deyil, istirahət edərkən də özlərini faydalı olmağa məcbur hiss edirlər. Yeni bacarıqlar öyrənmək, əlavə gəlir əldə etmək və ya şəxsi inkişaf üzərində çalışmaq istəyi bəzən insanların həqiqi mənada dincəlmələrinə mane olur. Nəticədə boş vaxt yaratmaq belə planlaşdırılmalı olan bir vəzifəyə çevrilir. İnsanlar istirahət etsələr belə, bunu kifayət qədər səmərəli etmədiklərini düşünə bilirlər.
Müasir insanın boş vaxt problemi təkcə vaxt çatışmazlığı ilə bağlı deyil. Bu, həm də sürətlə dəyişən həyat tərzi, rəqəmsal texnologiyaların təsiri və artan gözləntilərlə əlaqədardır. Gün ərzində bir neçə saatlıq boş vaxt tapmaq mümkün olsa da, onu keyfiyyətli və faydalı keçirmək getdikcə daha böyük çağırışa çevrilir. Boş vaxtın miqdarından çox, onun necə dəyərləndirilməsi vacib hesab olunur. Çünki sürətli həyat tempində bəzən ən böyük ehtiyac daha çox vaxt deyil, mövcud vaxtdan düzgün istifadə etməyi bacarmaqdır.
Şahnigar Əhmədova, “İki sahil”