18 iyun 2026 12:19
79

Belarus İstintaq Komitəsi PUA zərbəsi ilə bağlı terrorizm maddəsi ilə iş açıb

Belarus İstintaq Komitəsi, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Rusiyanın Bryansk vilayətində uşaq futbol komandasını daşıyan avtobusa zərbə endirməsi faktı ilə bağlı terror aktı maddəsi ilə cinayət işi araşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyinə Belarus idarəsinin rəsmi nümayəndəsi Aleksandr Suxodolski məlumat verib.

Belarus İstintaq Komitəsi cinayət işini Cinayət Məcəlləsinin 289-cu maddəsinin 3-cü hissəsi (terror aktı) ilə başlayıb. İstintaq tədbirlərində iştirak etmək üçün qurumun mərkəzi aparatının baş istintaq idarəsinin müstəntiqləri Rusiyaya ezam olunublar. Belarus tərəfi bəyan edib ki, hazırda Rusiya tərəfi ilə intensiv məlumat mübadiləsi aparılır və Belarus nümayəndələrinin iştirakı ilə zəruri istintaq-prosessual hərəkətləri icra edilir.

Hadisə iyunun 17-də A240 magistral yolunda baş verib. Futbolçular istirahət etmək üçün Gelencik şəhərinə yollanırmışlar. Avtobusda 28-i uşaq olmaqla ümumilikdə 44 sərnişin olub. PUA zərbəsi nəticəsində uşaqları müşayiət edən bir qadın həlak olub. Beşi azyaşlı olmaqla, 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Rusiya İstintaq Komitəsi də faktla bağlı terror işi açıb. Belarus rəsmi Kiyevdən hadisə ilə bağlı izahat tələb edib.