Rusiya - ASEAN sammitinin iştirakçıları Kazan bəyannaməsini imzalayıblar.
“İki sahil” xəbər verir ki, sənəd Kremlinin rəsmi saytında dərc olunub. Tərəflər 2030-cu ilə qədər strateji tərəfdaşlığın həyata keçirilməsinə dair kompleks planı təsdiqləyiblər və təhlükəsizlik, energetika, süni intellekt (Sİ) və digər sahələrdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Əməkdaşlığın əsas istiqamətləri arasında ticarət və investisiya, həmçinin turizm, nəqliyyat, kənd təsərrüfatı və rəqəmsallaşma da qeyd olunur. Rusiya və ASEAN "təhlükəsizlik sahəsində ənənəvi və qeyri-ənənəvi çağırışlara qarşı mübarizə" üzrə dialoqu gücləndirməyə hazır olduqlarını ifadə ediblər. Bəyannamədə BMT-nin 1982-ci il dəniz hüququ haqqında Konvensiyasına uyğun olaraq "dənizdə təhlükəsizlik və sabitliyin, gəmiçilik və uçuş azadlığının təşviq edilməsi" xüsusi vurğulanır.
Bundan əlavə, tərəflər regionda bioloji təhlükəsizliyin gücləndirilməsi barədə razılıq əldə ediblər. Təhdidlər arasında pandemiyalar, iqlim dəyişiklikləri və potensial bioterrorizm qeyd olunur. Bəyannaməyə həmçinin mədəniyyət və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi niyyəti də daxil edilib. Xüsusilə, Rusiya və ASEAN ölkələrində tədris proqramlarının, təqaüdlərin, akademik və tələbə mübadilələrinin, habelə dil hazırlığının genişləndirilməsi təklif olunur. Tərəflər həmçinin "ASEAN-ın Hind-Sakit okean baxışı" sənədinin dörd prioritet istiqaməti üzrə əməkdaşlığı təşviq etmək və həyata keçirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, ASEAN-a Bruney, Vyetnam, Şərqi Timor, İndoneziya, Kamboca, Laos, Myanma, Malayziya, Sinqapur, Tailand və Filippin daxildir. Sammit iyunun 17–19-da Kazanda keçirilir. Bu tədbir tərəflər arasındakı münasibətlərin 35 illiyinə həsr olunub.