19 iyun 2026 00:14
85

Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dövlətimizin başçısı İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında bir daha bildirdi ki, müstəqil xarici siyasət sayəsində biz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazandıq və dostlarımızın sayı ilbəil artır

İyunun 18-də Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirildi. Hər bir beynəlxalq əhəmiyətli tədbir, eyni zamanda, Azərbaycanın onlara ev sahibliyi beynəlxalq münasibətlər sistemində artan rolumuzun, söz sahibliyimizin təqdimatıdır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti, dayanıqlı inkişafını şərtləndirən iqtisadi tərəqqisi, son beş ildən artıq dövrdə tarixi Zəfərinin yaratdığı yeni reallıqlarla regionda və dünya siyasətində yol açdığı yeniliklər və sair kimi biri-birindən mühüm amillər qlobal problemlərin həllində roluna geniş imkanlar yaradır. Dövlətimizin siyasətində çoxtərəfliliyə verilən önəm diqqətdən kənarda qalmır. Bu baxımdan Azərbaycanın istər regional, istərsə də beynəlxalq əməkdaşlığa töhfələrinin davamlılığı ilə diqqətdə olur.

“İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakı şəhərində təşkili Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin regional və beynəlxalq tərəfdaşlıqlarının möhkəmlənməsinə, İslam maliyyə institutları ilə əməkdaşlığın genişlənməsinə, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının tanıdılmasına müsbət töhfə verəcəkdir.” Bu fikirlər dövlət başçısı İlham Əliyevin 8 sentyabr 2025-ci il tarixli “İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamında qeyd edilmişdir. Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir yüksək təşkilatçılığı ilə diqqətdə olub. Bu məqsədlə yaradılan Təşkilat Komitəsi Sərəncamdan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinə, hər bir beynəlxalq tədbirin Azərbaycanın tarixinə uğur səhifəsi kimi yazılmasına səylər göstərir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın bütün sahələrdə zəngin təcrübəsi, eyni zamanda, sabit, təhlükəsiz ölkə kimi nüfuz qazanması beynəlxalq tədbirlərə ev sahibliyində əhəmiyyətli rol oynayır. Bunun üçün təkcə son illərdə ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin bu günədək dünya mətbuatında geniş təhlilinə yol açan uğurlu nəticələrinə diqqət yetirmək kifayətdir. 2024-cü ilin noyabr ayında Bakıda 80 dövlət və hökumət başçısının iştirak etdiyi, 76 mindən artıq iştirakçının qatıldığı COP29 iqlim konfransının ardınca bu ilin may ayında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçirildi. Bu tədbirə isə 176 ölkədən 58 mindən çox iştirakçı qatıldı. Dövlətimizin başçısı İlham Əliyev COP29 iqlim konfransı ilə bağlı paylaşımında “Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək”, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı isə “Forumdan irəli gələn və yekun sənədlərdə öz əksini tapan ideyalar-təmiz hava və dayanıqlı şəhər inkişafından tutmuş mədəni irsin qorunması və inkişaf etməkdə olan kiçik ada dövlətlərin ehtiyaclarınadək-qlobal şəhərsalma gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək. Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə multikulturalizmə və kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir” fikirləri Azərbaycanın qlobal problemlərin həllinə həsr edilən tədbirlərə ev sahibliyinin uğurlu nəticələrlə tarixə yazıldığını nümayiş etdirir.

Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm platformaya çevrilir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlarla yanaşı, onların zirvəsində dayanan tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından, onların əsasında ölkəmizin yaratdığı yeni reallıqlardan, sülh quruculuğu prosesindən geniş bəhs edir. Bu baxımdan Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi də diqqətdə oldu. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında “Biz bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmişik. Bu, 2010-cu ildə İslam İnkişaf Bankı Qrupunun illik iclasından sonra baş vermişdir” söyləyərək onu da əlavə etdi ki, məsələn, onların sırasında 2024-cü ildə keçirilmiş COP29 tədbiridir. Onun çox yaxşı nəticələri oldu, o cümlədən Ümumdünya Şəhərsalma Forumu ötən ay təşkil olundu. Bu da Azərbaycanda keçirilmiş digər uğurlu beynəlxalq tədbir idi. Digər tədbirlər də var idi. Bütün bunlar onu göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir.

Azərbaycanın dayanıqlı inkişafı göz qabağındadır. Ölkəmiz dünyaya təkmil inkişaf modelini təqdim edir. Hər bir inkişafın əsasında sabitlik, təhlükəsizlik, iqtisadi tərəqqi dayanır. Azərbaycan 1993-cü ildə Ümummillli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra sabitlik, inkişaf yolunda inamla addımlayır. Bu sabitliyin əsasında təbii ki, xalq-iqtidar birliyi dayanır. Ölkə liderinin hər bir addımında dövlətinin, xalqının maraqlarını öndə saxlaması, əhalinin sosial rifah halının yüksək səviyyədə təmin edilməsini prioritet məsələ kimi qarşıya qoyması, vətəndaş məmnunluğunun təmin edilməsi və sair kimi amillər bu birliyi daha möhkəm, sarsılmaz edir. Beynəlxalq ekspertlər Azərbaycanın inkişafından bəhs edərkən bu amili xüsusi qeyd edirlər. Həmçinin vurğulanır ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Dövlətimizin başçısı İlham Əliyev sözügedən tədbirdə “Azərbaycanın sabit, uğurlu inkişafı var” söyləyərək onu da qeyd etdi ki, bu, həyata keçirdiyimiz milli maraqlara əsaslanan siyasətin, qlobal səhnədə bütün iştirakçılarla olan münasibətlərin inkişafının və bizim uğurlu inkişafımızın nümayişidir. Azərbaycan cəmi 35 ildir ki, müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb. Daha sonra ölkənin sabit inkişafının təmin edilməyə başladığını söyləyən dövlətimizin başçısı bildirdi ki, bu, hər bir ölkənin uğurunun əsasıdır. Prezident İlham Əliyev vurğuladı ki, siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır. Regional səviyyədə və qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan bir çox aspektlər baxımından artıq mühüm iştirakçıya çevrilib. Müstəqil xarici siyasət sayəsində biz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazandıq və dostlarımızın sayı ilbəil artır.

Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Enerji diplomatiyamızın uğurları bu gün həm özünü iqtisadi imkanların genişlənməsində, həm də yeni dostların, tərəfdaşların qazanılmasında nümayiş etdirir. 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası bunu bir daha sübut edir. Prezident İlham Əliyevin Toplantıdakı çıxışında qeyd etdiyi kimi, Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib, genişmiqyaslı enerji infrastruktur layihələrinin təşəbbüskarı və həyata keçirən ölkə kimi çıxış edib. Azərbaycan Avrasiya bölgəsində bir çox ölkələri əhatə edən layihələr həyata keçirmişdir və enerjiyə ehtiyacı olan ölkələrə yardım etmişdir. Təbii qazın təchizatına gəldikdə, Azərbaycan bu gün boru kəməri qazının təchizatının coğrafiyası baxımından birinci yerdədir. Biz 16 ölkəyə təbii qaz təchiz edirik, bu say ilbəil artır və artmaqda da davam edəcək.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələri yeni körpülərin qurulmasını şərtləndirir. Azərbaycanın tranzit imkanları əməkdaşlıq əlaqələrinin dərinləşməsində əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Ümumiyyətlə, ölkəmiz infrastrukturun yenilənməsinə, təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Cənab İlham Əliyev çıxışında bu məsələyə də diqqəti yönəldərək bildirdi ki, biz infrastruktura çox böyük sərmayələr yatırırıq. Nəinki ölkə daxilində infrastruktura diqqət yetiririk, eyni zamanda, ölkənin hüdudlarından kənarda, beynəlxalq ölçüyə malik infrastruktur layihələri ilə məşğul oluruq. Bu çağırış da səsləndirildi ki, biz Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq. Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik. Azərbaycan vasitəsilə daşınan yüklərin həcminin iki dəfə artırılmasını istəyirik.

Azərbaycanın dayanıqlı inkişaf beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan hər zaman iqtisadi artımı ilə diqqətdə olub. Dünya həm maliyyə və iqtisadi böhranın yaşandığı, həm də koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı dövrdə bunun şahidi oldu. İqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirən ölkəmiz rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Cənab İlham Əliyev çıxışında bu məqamları da diqqətdən kənarda saxlamadı. Dövlətimizin başçısı “İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır, lakin biz birmənalı olaraq səylərimizi davam etdirməliyik” söylədi və onu da əlavə etdi ki, xarici borcumuza gəldikdə, biz müəyyən işlər görmüşük. Son illər ərzində nailiyyətlər var və bu gün planlarımız daha genişdir. Biz iqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik. Ölkəmizdə həyata keçirilən sosial proqramlardan da geniş bəhs edən cənab İlham Əliyev bildirdi ki, onlar genişmiqyaslı proqramlardır. Son bir neçə il ərzində biz bir sıra sosial dəstək paketlərini həyata keçirmişik.

Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri böyük inamla qeyd edirik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu inkişaf konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğruldub. Konkret konseptual proqramlar, düşünülmüş ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Bütün bu reallıqlarımız dövlətimizin başçısı İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışında əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Prezident İlham Əliyevin son beş ildən artıq dövrdə çıxışlarında xüsusi diqqət yönəltdiyi məsələlərdən biri, təbii ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Azərbaycan şanlı Qələbəsi ilə, eyni zamanda, dünyaya təkmil dirçəliş modelini, sülh təcrübəsini təqdim etdi. Hazırda Azərbaycan müasir tarixinin mühüm mərhələsini- azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması, Böyük Qayıdış Proqramının icrası prosesini yaşayır. Bu ərazilərdə aparılan işlər şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. İşğaldan azad olunmuş ərazilərimiz Baş plan əsasında “ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpa edilir. Qısa müddətdə həyata keçirilən infrastruktur layihələri diqqətdən kənarda qalmır. Yeni yollar salınır, dəmir yolları çəkilir, beynəlxalq hava limanları inşa edilib istifadəyə verilib. Füzuli, Zəngilan və Laçın şəhərlərində qısa müddətdə beynəlxalq statusa malik olan hava limanlarının istifadəyə verilməsi bərpa-quruculuq işlərinin əsas tərkib hissələrindən biri oldu. Ümumilikdə, bərpa-yenidənqurma prosesində hədəf keyfiyyəti və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlər sırasındadır. Məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Azərbaycanın bu ilin mayında ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bütün bu reallıqları dünyaya təqdim etdi. Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Ölkəmiz bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşdü. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bütün regionlarımız, o cümlədən tarixi sahibinə qovuşan torpaqlarımız yeni inkişaf dövrünü yaşayır. Dövlətimizin başçısı hər bir yeni təcrübənin ölkəmizə gətirilməsini və tətbiqini qarşıya mühüm vəzifə kimi qoyub. Qalib, bütövləşən Azərbaycana hansı sahədən diqqət yetirsək yeni texnologiyaların tətbiqi şəraitində davamlı uğurları görərik. Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsinə həsr edilən, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən forumlara paytaxt Bakımızın, eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizin ev sahibliyi özündə bütün məqamları ehtiva edir. Azərbaycan yenilikçi ölkə kimi qazandığı mövqeyə daim yeni əlavələr edir. Qürurvericidir ki, dayanıqlı gələcəyin şəhərləri məhz Azərbaycanda müzakirə edildi.

Dövlətimizin başçısı İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində bu reallıqlardan geniş bəhs edərək bildirdi ki, biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını yaddan çıxarmayacağıq. Onların məscidlərdə donuz və digər heyvanlar saxladıqlarını vurğulayan Prezident İlham Əliyev bunu heç zaman yaddan çıxarmayacağımızı bildirdi.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər əhatə etdikləri sahələr ilə yanaşı, uğurlu nəticələri ilə uzun müddət ölkə və dünya mətbuatında geniş şərh edilir. Bu tədbirlər çərçivəsində əlaqələrin gələcək inkişafına böyük stimul verən sənədlərin imzalanması da mühüm məqamlar sırasındadır. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində də sənədlərin imzalanması oldu. Tədbir bir daha Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı, ölkələr, xalqlar arasında birləşdirici, sabitləşdirici aktor kimi möhkəmlənən mövqeyini təsdiqlədi. Sülh, təhlükəsizlik, əməkdaşlıq ölkələrin inkişafında əsas amillərdir. Azərbaycan ötən ilin avqustundan sülh şəraitində yaşayır. Rəsmi Vaşinqtonda əldə edilən tarixi sülh razılaşması bugünkü və gələcək inkişafa geniş imkanlar yaradır.

Yeganə Əliyeva, “İki sahil”