Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının ən müasir əsaslar üzərində yenidən qurulmasını hədəfləyir.
Otuz il sürən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-qurucluq işləri uğurla davam edir. Dağıdılmış şəhər və kəndlər dayanıqlılıq, ağıllı şəhərsalma, yaşıl inkişaf və insan ləyaqəti prinsipləri əsasında yenidən qurulur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, bərpaolunan enerji mənbələrindən istifadəyə əsaslanan və “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji, qabaqcıl standartlara cavab verən təhsil, səhiyyə, idman, xidmət infrastrukturu yaradılır. Keçmiş məcburi köçkünlərin Zəngilanda, Cəbrayılda, Füzulidə, Laçında, Kəlbəcərdə, Xocalıda, Şuşada, Ağdərədə və başqa bölgələrdə yenidən tikilmiş yaşayış məntəqələrinə köçürülməsi davam edir. 85 mindən çox insan artıq Qarabağ və Şərqi Zəngəzurda yaşayır, işləyir və təhsil alır.
İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri müasir şəhərsalma standartlarına uyğun olaraq sürətlə davam edir. Bu bölgələrdə iri şəhərlərlə yanaşı, kəndlər də “Ağıllı kənd” konsepsiyası əsasında tamamilə yenidən qurulur. Eyni zamanda, bu bölgələrdə aqrar sektorun inkişaf etdirilməsi üçün ciddi addımalar atılır. İrimiqyaslı layihələrin reallaşdırıldığı Qarabağ və Şərqi Zəngəzurda intensiv meyvə bağları və balıqçılıq təsərrüfatları yaradılacaq. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilanda dövlətimizin başçısının 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı keçirilən regional müşavirədə bildirib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında kənd təsərrüfatının inkişafı çərçivəsində aqroparkların yaradılması, aqroemal müəssisələrinin qurulması və balıqçılıq layihələrinin təşviqi əsas prioritetlərdən biri olacaq: “Qarşıdakı dövrdə iri və orta fermer təsərrüfatlarının yaradılması, heyvandarlıq və yemçilik təsərrüfatlarının genişləndirilməsi, bağçılıq, üzümçülük və intensiv meyvəçilik layihələrinin həyata keçirilməsi diqqət mərkəzində olacaq. Məqsəd Ağdam, Füzuli və Xocavənd rayonlarını müasir aqrobiznes və aqroemal mərkəzlərinə çevirməkdir”.
Ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsində əsas amillərdən biri də sudur. Respublikamzıda sudan istifadə səmərəliliyinin səviyyəsi 45 faizdir. Ekspertlərin bildirdiklərin görə, bu, dünyada müasir texnologiyaların və suya tələbat səviyyəsinin inkişaf tempini nəzərə alsaq bu, qətiyyən qənatbəxş sayıla bilməz. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su Ehtiyatlarının Mühafizəsi üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Zəngilanda keçirilən tədbirdə bu məsələlərlə bağlı bildirib ki, yeni Dövlət Proqramının əsas məqsədlərindən biri suyun səmərəliliyi göstəricisini 95 faizə çatdırmaqdır. Hazırda müasir suvarma sistemləri ölkənin ümumi əkin sahəsinin yalnız 10 faizini əhatə edir. Bir məqamı xüsusi ilə vurğulayaq ki, proqram təkcə Ağdamda 41.000, Füzulidə 18.000, Cəbrayılda 12.000, Qubadlıda 3.500 və Laçında və Kəlbəcərdə əlavə 3.500 hektar sahədə su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.
Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda aqrar sektorun ən müasir əsaslar üzərində yenidən qurulmasını hədəfləyir. İstehsal və emal sahələrini əhatə edən yeni proqram bu bölgələrdə aqrar biznesin genişlənməsinə və ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Zəngin torpaq ehtiyatları, əlverişli iqlim şəraiti və geniş su resursları ilə seçilən Qarabağ və Şərqi Zəngəzurda müasir aqroparkların yaradılması işğaldan azad olunmuş ərazilərin bərpası prosesində yeni inkişaf modelinin əsas sütunlarından biridir. Bu bölgələrdə reallaşdırılan layihələrin mühüm istiqamətlərindən biri də kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsidir. Taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük, balıqçılıq, arıçılıq və digər sahələr üzrə böyük perspektivlərin mövcud olduğu Qarabağ və Şərqi Zəngəzur Böyük Qayıdışın uğurla davam etdirilməsi sayəsində tezliklə ölkəmizin aparıcı aqrar istehsal mərkəzlərindən birinə çevriləcək.
Zahid Rza, “İki sahil”
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələrinin Türkiyəyə səfəri təşkil olunub - FOTO
Azərbaycan Universiteti İtaliyada keçirilən “International Staff Week” tədbirində təmsil olunub