18 iyun 2026 17:29
85

Bayden Kaliforniyadakı reabilitasiya mərkəzində işə düzəlib

ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Bayden Kaliforniyadakı reabilitasiya mərkəzinin məsləhətçisi və bu müəssisənin xeyriyyə fondunun icraçı direktoru olub.

“İki sahil” xəbər verir ki, bu barədə mərkəzin bəyanatına istinadla "Newsmax" nəşri məlumat yayıb.

Los-Ancelesin Hollivud Hills (Hollywood Hills) bölgəsində yerləşən "Peak Path Health" mərkəzi alkoqol və narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi üzrə ixtisaslaşıb və daha çox varlı müştərilərə xidmət göstərir. Mərkəzdən verilən açıqlamada bildirilib ki, "2026-cı ilin iyununda zərərli vərdişlərdən uzaq durmasının (ayıqlığının) 7 illiyini qeyd edən Hanter Bayden bura həm şəxsi təcrübəsini, həm də asılılıq və davranış pozuntularının müalicəsi xidmətlərini daha əlçatan etmək istəyini gətirəcək".

Hanter Bayden uzun illər kölgədə qalmağa çalışsa da, mütəmadi olaraq qalmaqallarla gündəmə gəlib və qanunla problemlər yaşayıb. O, xüsusilə vergidən yayınmaqda ittiham olunub. 2024-cü ildə isə məhkəmə onu odlu silahın saxlanılması qaydalarını pozmaqda təqsirli bilib. Prezident Co Bayden isə vəzifədən getməzdən əvvəl oğlunun əfv olunması barədə fərman imzalayaraq, onu 1 yanvar 2014-cü ildən 1 dekabr 2024-cü ilə qədər törətdiyi bütün mümkün cinayətlərə görə məsuliyyətdən azad edib.

Hanter Baydenin özü vəkillərinə və kreditorlarına 17 milyon dollar borcu olduğunu etiraf edib. Bu ilin aprel ayında onun hazırkı vəkili bildirib ki, Bayden "maddi çətinliklər çəkdiyi" və "xaricdə yaşadığı" üçün keçmiş vəkillərinə olan borclarını ödəyə bilmir. Bəzi məlumatlara görə, o, həyat yoldaşının vətəni olan Cənubi Afrika Respublikasında (CAR) yaşayır.

Hanter Baydenin yeni işində nə qədər maaş alacağı, məsafədən (onlayn) işləyə biləcəyi, yoxsa Kaliforniyaya köçmək məcburiyyətində qalacağı hələlik məlum deyil.