Aparılan yeni araşdırmanın nəticələri göstərib ki, qoxu bilmə qabiliyyətinin itirilməsi insanın həyat keyfiyyətinə diabet, insult, Parkinson xəstəliyi və böyrək çatışmazlığı kimi ciddi xəstəliklər qədər mənfi təsir göstərə bilər.
Qoxu və ya dad bilmə pozuntusu yaşayan insanlar səhərlər içilən qəhvənin aromatik ətrini hiss etmək, evdə hazırlanmış yeməklərin dadını almaq kimi gündəlik zövqlərdən məhrum olurlar. İlk baxışda sadə problem kimi görünən bu hal zamanla insanların həyatını daha çətin və mənəvi baxımdan ağır vəziyyətə sala bilir.
Araşdırmalara görə, hər 5 nəfərdən biri qoxu və ya dad bilmə pozuntusundan əziyyət çəkir. COVID-19 pandemiyası dövründə milyonlarla insanda müşahidə olunan anosmiya (qoxu bilmənin itməsi) və agevziya (dad bilmənin itməsi) bu problemin nə qədər geniş yayıldığını göstərmişdi.
Böyük Britaniyanın Şərqi Angliya Universitetinin (University of East Anglia-UEA) alimlərinin apardıqları tədqiqat bu hisslərin itirilməsinin insanı ciddi şəkildə zəiflədə biləcəyini ortaya qoyub. Tədqiqatın rəhbəri Karl Filpott bildirib ki, qoxu və dad bilmə pozuntuları emosional, sosial və psixoloji baxımdan uzunmüddətli və ağır yük yaradır. Onun sözlərinə görə, xəstələr yeməkdən həzz ala bilmədiklərini, sosial münasibətlərdə çətinlik yaşadıqlarını, qaz sızması və ya tüstü qoxusunu hiss etmədikləri üçün təhlükəsizliklə bağlı narahatlıqlar keçirdiklərini qeyd edirlər. Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri isə qoxu və dad bilmə itkisi yaşayan insanlarda depressiya və sosial təcrid hallarının yüksək səviyyədə olmasıdır.
Araşdırma zamanı qoxu və dad pozuntusu olan 455 xəstənin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, bu şəxslərin böyük hissəsi depressiyadan əziyyət çəkir. Hər 5 xəstədən birində orta, ağır və ya çox ağır dərəcəli depressiya müşahidə olunub. Bütün bunlara əsaslanaraq mütəxəssislər qeyd edirlər ki, qoxu hissinin itirilməsi yeməyin dadının qəbul edilməsinə də ciddi təsir göstərir. Bəzi insanlar iştahını itirərək arıqlayır, digərləri isə daha güclü və şirin dadlar axtardığı üçün çəki artırırlar.
Şahnigar Əhmədova, “İki sahil”