İslam İnkişaf Bankı (İİB) ilə tərəfdaşlığımız yeni strateji əhəmiyyət mərhələsinə yüksəlib. Azərbaycanın İslam İnkişaf Bankındakı payı 0,1 faizdən 1 faizə qədər, yəni on dəfə artırılıb ki, bu da ölkəmizin İİB Qrupu ilə əməkdaşlığa artan marağını və sadiqliyini əks etdirir.
“İki sahil” xəbər verir ki, bunu iqtidadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan ilə İİB Qrupu arasında imzalanmış 2027–2031-ci illəri əhatə edən Üzv Ölkə Tərəfdaşlıq Strategiyası uzunmüddətli və nəticəyönümlü əməkdaşlıq çərçivəsini müəyyən edir.
“Bu strategiya “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə İİB Qrupunun 10 illik Strateji Çərçivəsi arasında uyğunluğu təmin etməklə əsas sahələr üzrə daha hədəfli və yüksək təsirli layihələrin həyata keçirilməsinə imkan yaradır. Növbəti beş il ərzində əməkdaşlığımız iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiyaların artırılması, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, eləcə də regional bağlantıların genişləndirilməsi istiqamətlərinə yönələcək. Birgə fəaliyyətimiz çərçivəsində su təchizatı və tullantı sularının təmizlənməsi, dəmir yolları və kənd təsərrüfatı sahələrində, o cümlədən azad edilmiş ərazilərdə və Ələt Azad İqtisadi Zonasında yeni layihələr üzərində işləyirik. Bu layihələrdən diqqətəlayiq nümunələrdən biri Qız Qalası su anbarından Baş Suvarma Kanalı layihəsidir. Layihənin Cəbrayıl və Füzuli rayonlarında, eləcə də ətraf ərazilərdə su ehtiyatlarının idarə olunmasını yaxşılaşdıracağı və kənd təsərrüfatında məhsuldarlığın artmasına töhfə verəcəyi gözlənilir”, - deyə Mikayıl Cabbarov qeyd edib.