20 iyun 2026 18:50
103

İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumunun əsas nəticələri

İslam İnkişaf Bankı Qrupuna (İİB Qrupu) daxil olan qurumlar iyunun 16-dan 19-dək Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumunu təşkil edib. Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək himayəsi altında, Qrupun İllik Toplantıları çərçivəsində baş tutub.

İqtisadiyyat Nazirliyindən “İki sahil”ə bildirilib ki, bu forum geniş kütlənin iştirakı ilə fərqlənib, tədbirə 60 ölkədən 1400-dən artıq iştirakçı qatılıb. Tədbirdə yerli, regional və beynəlxalq miqyasda fəaliyyət göstərən özəl sektor nümayəndələri fəal iştirak ediblər. Forumun proqramı çərçivəsində 70-dən çox məruzəçinin və 40-dək sərgi iştirakçısının olduğu 17 tədbir və panel müzakirəsi keçirilib.

Ardıcıl dördüncü ildir ki, forum iqtisadi inkişaf, ticarətin təşviqi, investisiyalar və risklərin idarə olunmasına verdiyi töhfələrə görə seçilən şirkət və maliyyə institutlarına “Özəl Sektor Mükafatı” təqdim edib.

Bundan əlavə, forum zamanı ümumi dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32 saziş və anlaşma memorandumu imzalanıb. Həmçinin 220-dən çox startapın və biznes inkubatorunun iştirak etdiyi startap müsabiqəsi təşkil olunub. Üzv dövlətlər arasında ticarət, investisiya və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə 250-dən çox ikitərəfli görüş (B2B və B2G) keçirilib.

Forum üzv dövlətlərdə, xüsusilə Azərbaycanda həm dövlət, həm də özəl sektorun potensialının gücləndirilməsinə xidmət edən İİB Qrupunun fəaliyyət və təşəbbüslərini iştirakçıların diqqətinə çatdırıb. Müzakirələrin mərkəzində biznes sektorunun qarşılaşdığı mövcud imkanlar və çağırışlar dayanıb. Eyni zamanda, maliyyələşdirmə xətləri, özəl sektorun maliyyələşdirilməsi, ticarətin inkişafına dəstək, investisiyaların sığortalanması və ixrac kreditləri də daxil olmaqla, Qrupun geniş spektrli maliyyə alətləri nümayiş etdirilib.

Tədbirin gündəliyində əsas iqtisadi mövzulara və inkişaf layihələrinə həsr olunmuş silsilə dialoq sessiyaları və işgüzar seminarlar yer alıb. Həmçinin ticarət və investisiya perspektivlərinə dair təqdimatlar edilib.

Forum Azərbaycan hökumətinin rəsmiləri, yerli, regional və beynəlxalq özəl sektor şirkətlərinin prezidentləri və baş icraçı direktorları, investorlar, iş adamları, ticarət və sənaye palatalarının, ticarət və investisiyaların təşviqi orqanlarının nümayəndələri, habelə regional və beynəlxalq maliyyə və inkişaf təşkilatlarından olan yüksəksəviyyəli qonaqları bir araya gətirib.

İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Сabbarov açılış nitqində bildirib: “Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə tərəfdaşlığı yüksək qiymətləndirir və üzv ölkələrlə ticarət, biznes və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsinə önəm verir. Ölkəmiz Avropa və Asiya arasındakı strateji mövqeyindən istifadə edərək müasir nəqliyyat infrastrukturu və iqtisadi şaxələndirmə istiqamətində səyləri sayəsində regional bağlantılar və dayanıqlı inkişaf üçün mühüm platforma rolunu oynayır. Ölkənin investisiya potensialının İİB Qrupunun maliyyə imkanları, qlobal təcrübəsi və geniş şəbəkəsi ilə birləşdirilməsi iqtisadi inkişafı irəli aparan və region üzrə uzunmüddətli faydalar təmin edən təsirli layihələr üçün yeni imkanlar açır”.

İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) müvəqqəti baş icraçı direktoru Xalid Yusif Xələfalla deyib: “Özəl Sektor Forumu həm dövlət, həm də özəl sektoru təmsil edən nüfuzlu tərəfdaşların iştirakına şahidlik edib. Dayanıqlı maliyyələşdirmə boşluğunu aradan qaldırmaq, birgə maliyyələşdirmə imkanları təqdim etmək və dayanıqlı inkişafın çağırışlarına innovativ həll yolları hazırlamaq məqsədilə özəl sektor tərəfdaşlarımızın və digər maliyyə institutlarının səylərini birləşdirməyə çalışdığımız bir vaxtda dayanıqlılıq və inkişaf bizim missiyamızın əsasını təşkil edir”.

İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir forum iştirakçılarına müraciət edərək bildirib: “İslam İnkişaf Bankı Qrupunda biz qəti şəkildə inanırıq ki, özəl sektor inkişaf prosesində köməkçi deyil, əksinə, aparıcı qüvvədir. Bizim bu prosesdəki missiyamız aydındır: maneələri aradan qaldırmaq, riskləri minimuma endirmək və yeni imkanlara qapı açmaq. Biz inklüziv, dayanıqlı və davamlı inkişafa təkan verən ticarət və investisiya fəaliyyətlərini dəstəkləyən, maliyyə resurslarını səfərbər edən və riskləri minimuma endirən etibarlı tərəfdaş olaraq qalmağa davam edəcəyik”.

O əlavə edib: “ICIEC fəaliyyətə başladığı gündən bəri 139 milyard ABŞ dollarını ötən məcmu sığorta təminatı təqdim edib ki, bunun da 108 milyard dolları ticarət əməliyyatlarının dəstəklənməsinə, 31 milyard dolları isə investisiyaların təşviqinə yönəldilib. Güclü qlobal təkrar sığorta şəbəkəsindən bəhrələnən Korporasiya özəl təkrar sığorta bazarından əhəmiyyətli dərəcədə məcmu təkrar sığorta potensialı cəlb edib. Kənd təsərrüfatı, bərpaolunan enerji, infrastruktur, istehsalat və səhiyyə kimi mühüm sahələrdə həyata keçirilən əməliyyatlar vasitəsilə ICIEC üzv ölkələrdə real inkişaf nəticələrinin əldə olunmasına töhfə verməyə davam edir”. ICD ilə bağlı isə Xalid Yusif Xələfalla deyib: “1999-cu ildə fəaliyyətə başladığı gündən etibarən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) inkişafın təşviq edilməsində, müəssisələrin gücləndirilməsində, sahibkarlığın dəstəklənməsində və dayanıqlı iqtisadi artımın təmin edilməsində həlledici rol oynayıb. Korporasiyanın şaxələndirilmiş investisiyaları transformativ layihələrin həyata keçirilməsi, tərəfdaşlıqların qurulması və potensialın gücləndirilməsi vasitəsilə icmalara real təsir göstərib. Yarandığı vaxtdan bəri korporasiya 7,1 milyard ABŞ dolları dəyərində təsdiq edilmiş maliyyələşmə və 5,6 milyard ABŞ dollarından artıq vəsaitin ayrılmasına nail olub. ICD-nin fəaliyyətləri, maliyyə, infrastruktur, kənd təsərrüfatı, istehsalat və enerji daxil olmaqla, müxtəlif sektorları əhatə edir, üzv dövlətlərdə həyata keçirdiyi investisiya əməliyyatları isə onun coğrafi və sektor baxımından geniş fəaliyyət dairəsini nümayiş etdirir”.

Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, mühəndis Ədib Əl-Aama deyib: “Özəl Sektor Forumunun 14-cü buraxılışı üzv dövlətlərdə iqtisadi artımın təşviq edilməsi, iş yerlərinin yaradılması və yoxsulluğun azaldılmasında özəl sektorun oynadığı mühüm rolu bir daha təsdiqlədi. Biznes investorlarının fəal iştirakı müzakirələri əhəmiyyətli dərəcədə zənginləşdirdi və iqtisadi dayanıqlılığı və biznes dinamizmini təşviq etmək üçün birgə səyləri gücləndirdi”.

ITFC-nin baş icraçı direktoru əlavə edib: “2008-ci ildə fəaliyyətə başladığı vaxtdan bəri ITFC İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərə 96 milyard ABŞ dollarından çox maliyyə vəsaiti ayıraraq regionda aparıcı ticarət həlləri təminatçısına çevrilib. Bunun 20 milyard ABŞ dolları kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılmasına yönəldilib – bu müəssisələrin regional və beynəlxalq bazarlara çıxışına kömək etmək üçün maliyyə dəstəyi, texniki yardım və potensialın gücləndirilməsi səyləri birləşdirilib”.