22 iyun 2026 12:01
88

Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə “Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.

Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.