Balabəy Ağayev: Cüdo mənə hörmət etməyi, məsuliyyət daşımağı və çətin anlarda soyuqqanlı qalmağı öyrədib. Bu prinsiplər həyatın bütün sahələrində mənə kömək edir
Cüdo dünyada ən nüfuzlu olimpiya idman növlərindən biri olmaqla yanaşı, insanı yalnız fiziki cəhətdən deyil, mənəvi baxımdan da formalaşdıran həyat məktəbi hesab olunur. Bu idman növü idmançıdan yüksək intizam, möhkəm iradə, strateji düşüncə, səbir və daim öz üzərində çalışmağı tələb edir. Tatamidə qazanılan hər qələbənin arxasında minlərlə saatlıq məşq, ağır zəhmət, yorucu hazırlıq prosesi və ən əsası güclü xarakter dayanır. Məhz buna görə də cüdo yalnız medal uğrunda mübarizə deyil, eyni zamanda insanın özünü daim inkişaf etdirməsi və yeni zirvələr fəth etməsi yoludur.
Son illər Azərbaycan cüdosu beynəlxalq arenalarda qazandığı uğurlarla dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir. Avropa, dünya və Olimpiya səviyyəli yarışlarda əldə olunan nəticələr ölkəmizdə formalaşmış güclü cüdo məktəbinin və peşəkar hazırlıq sisteminin göstəricisi kimi qiymətləndirilir. Bu uğurların əldə olunmasında əməyi olan idmançılar arasında Azərbaycan milli komandasının üzvü Balabəy Ağayev də xüsusi yer tutur.
Mübarizə əzmi, texniki hazırlığı və peşəkarlığı ilə seçilən Balabəy Ağayev uzun illərdir beynəlxalq tatamilərdə Azərbaycan bayrağını layiqincə təmsil edir. Onun idman yolu təkcə qələbələrdən deyil, eyni zamanda çətin sınaqlardan, böyük zəhmətdən və davamlı inkişaf prosesindən ibarətdir. Hər yarış, hər görüş və hər nəticə onun peşəkar idmançı kimi formalaşmasında mühüm rol oynayıb.
Balabəy Ağayevlə söhbətimizdə cüdoya ilk addımlarından başlayaraq peşəkar karyerasının əsas mərhələləri, beynəlxalq rəqabətin xüsusiyyətləri, müasir cüdoda uğurun əsas amilləri, hazırlıq prosesinin incəlikləri və gənc idmançılar üçün vacib hesab etdiyi prinsiplər barədə danışdıq. O, həmçinin cüdonun ona qazandırdığı həyat dərslərindən, idmançı xarakterinin formalaşmasında rol oynayan məqamlardan və gələcək hədəflərindən söz açdı.

Təqdim etdiyimiz müsahibədə milli komandamızın aparıcı üzvlərindən olan Balabəy Ağayevin idmana, uğura və həyata baxışını daha yaxından tanımaq imkanı əldə edəcəksiniz.
-Özünüzü oxuculara qısa təqdim edərdiniz. Cüdo ilə tanışlığınız necə başladı?
-Mən Balabəy Ağayev, Azərbaycan milli komandasının üzvüyəm. Uzun illərdir ki, cüdo ilə məşğulam və ölkəmi beynəlxalq arenada təmsil edirəm. Cüdoya uşaqlıq yaşlarında başlamışam. İlk gündən bu idman növünün nizam-intizamı, mübarizə ruhu və dəyərləri məni özünə cəlb etdi.
-Sizi cüdoya gətirən əsas səbəb nə oldu?
-Uşaqlıqdan idmana marağım var idi. Cüdo isə mənə həm fiziki, həm də mənəvi inkişaf imkanı verdi. Bu idman növündə hörmət, əzm və mübarizə ruhu mənim üçün xüsusi əhəmiyyət daşıyırdı.
-Cüdo sizə idmandan kənar hansı real həyat vərdişlərini qazandırıb?
-Cüdo mənə intizamlı olmağı, çətinliklər qarşısında təslim olmamağı və məqsədə doğru səbirli şəkildə irəliləməyi öyrədib. Bu xüsusiyyətlər gündəlik həyatda da mənə çox kömək edir.
-İndiyə qədər karyeranızda sizi ən çox formalaşdıran yarış və ya təcrübə hansıdır?
-Hər beynəlxalq yarış mənə yeni təcrübə qazandırıb. Xüsusilə böyük turnirlərdə həm qələbələr, həm də məğlubiyyətlər mənim inkişafımda mühüm rol oynayıb. Məğlubiyyətlərdən nəticə çıxarmaq və daha güclü qayıtmaq mənim üçün vacib olub.
Ən həlledici amil düzgün zamanda düzgün qərar verməkdir
-Hazırlıq prosesində ən çox işlədiyiniz əsas 3 detal nədir?
-Birinci texniki hazırlıq, ikinci fiziki hazırlıq, üçüncü isə taktiki düşüncədir. Müasir cüdoda bu üç istiqamətin balansı çox önəmlidir.
-Uğur üçün sizcə daha vacib olan nədir: güc, texnika, yoxsa düşünmə sürəti?
-Məncə, bunların hər biri vacibdir. Amma ən həlledici amil düzgün zamanda düzgün qərar verməkdir. Yüksək səviyyədə rəqabətdə düşünmə sürəti və taktiki qərarlar çox vaxt nəticəni müəyyən edir.

-Yarışa yaxın dövrdə formaya düşmək üçün hazırlıq planınız necə olur?
-Yarış öncəsi dövrdə məşqlərin intensivliyi və yükü məşqçilərin planına uyğun tənzimlənir. Fiziki və texniki hazırlıqla yanaşı, bərpa prosesinə və düzgün qidalanmaya xüsusi diqqət yetirilir.
-Son illərdə beynəlxalq cüdoda rəqabəti necə hiss edirsiniz?
-Rəqabət ildən-ilə artır. Artıq demək olar ki, hər çəkidə çox güclü idmançılar var və istənilən görüş yüksək səviyyəli mübarizə ilə yadda qalır.
-Rəqib analizi sizin döyüş strategiyanıza necə təsir edir?
-Rəqiblərin güclü və zəif tərəflərini öyrənmək vacibdir. Bu analiz döyüş planının qurulmasına kömək edir və hansı taktikanın daha effektiv ola biləcəyini müəyyənləşdirməyə imkan verir. Amma cüdoda hər görüş fərqlidir və tatamidə vəziyyət bir anın içində dəyişə bilər. Ona görə də hər an hər vəziyyətə hazır olmaq lazımdır. Bu, yüksək səviyyəli idmanda uğurun vacib şərtlərindən biridir.
-Sizi idmançı kimi ən çox dəyişən an və ya mərhələ nə olub?
-Milli komandaya qoşulduğum dövr və beynəlxalq arenada mübarizə aparmağa başladığım illər mənim inkişafımda xüsusi rol oynayıb. Həmin mərhələ məni həm idmançı, həm də şəxsiyyət kimi formalaşdırdı.
Bəzən gənclər tez nəticə əldə etmək istəyirlər.
Halbuki böyük uğur uzun illərin zəhməti və səbir tələb edir
-Məşqçi və komanda ilə iş nəticəyə ən çox hansı şəkildə təsir edir?
-Uğurun arxasında həmişə güclü komanda dayanır. Məşqçilərin təcrübəsi, komanda yoldaşlarının dəstəyi və birgə hazırlıq prosesi nəticəyə birbaşa təsir göstərir.
-Davamlı nəticə göstərmək üçün sizcə əsas “sirr” nədir?
-Daim işləmək, öz üzərində inkişaf etmək və heç vaxt əldə olunan nəticələrlə kifayətlənməmək. Sabit nəticə uzunmüddətli zəhmətin məhsuludur.
-Gənc cüdoçuların ən çox səhv etdiyi və inkişafı ləngidən nədir?
- Bəzən gənclər tez nəticə əldə etmək istəyirlər. Halbuki böyük uğur uzun illərin zəhməti və səbir tələb edir. Əsas məsələ məşqlərə davamlı yanaşmaqdır.

-Hazırda üzərində ən çox işlədiyiniz konkret texniki və ya taktiki istiqamət nədir?
-Müasir cüdoda hər detal vacibdir. Hazırda həm ayaqüstü mübarizədə, həm də ne-vazada müxtəlif taktiki variantlar üzərində işləyirik ki, döyüş zamanı daha çevik qərarlar verə bilim.
-Cüdo sizə bu günə qədər ən çox nəyi öyrədib ki, bunu idmandan kənar da tətbiq edirsiniz?
-Cüdo mənə hörmət etməyi, məsuliyyət daşımağı və çətin anlarda soyuqqanlı qalmağı öyrədib. Bu prinsiplər həyatın bütün sahələrində mənə kömək edir.
Səmimi və maraqlı söhbətə görə Balabəy Ağayevə təşəkkürümüzü bildiririk. Onun fikirləri bir daha göstərir ki, böyük uğurların təməlində yalnız istedad deyil, eyni zamanda davamlı zəhmət, intizam, məqsədyönlülük və güclü xarakter dayanır.
Balabəy Ağayevə gələcək yarışlarda yeni-yeni qələbələr, möhkəm can sağlığı və idman karyerasında daha böyük nailiyyətlər arzulayırıq. İnanırıq ki, o, bundan sonra da beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracaq, qazandığı uğurlarla gənc nəslə nümunə olacaq və ölkəmizin idman salnaməsinə yeni parlaq səhifələr yazacaq.
Uğurlarınız davamlı, qələbələriniz bol olsun!
Yaqut Ağaşahqızı, “İki sahil”