23 iyun 2026 16:54
102

Cəmalə Məmmədzadə: “Neyron” süni intellekt savadlılığını məktəb yaşından formalaşdırır

Süni intellekt texnologiyalarının təhsil sistemlərinə inteqrasiyası qlobal miqyasda sürətlə genişlənməkdədir. Bu proses ölkəmizdə də rəqəmsal təhsilin inkişafı və yeni nəsil bacarıqların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu çərçivədə “Neyron” platformasının rolu və gətirdiyi yeniliklər diqqət mərkəzinə çevrilir.

Milli Süni İntellekt Mərkəzinin Marketinq Departamentinin rəhbəri Cəmalə Məmmədzadə “İki sahil”ə verdiyi özəl müsahibədə süni intellekt texnologiyalarının təhsilə inteqrasiyası və “Neyron” platformasının əhəmiyyətindən danışıb.

O bildirib ki, dünyada təhsil sistemləri artıq süni intellekt dövrünün tələblərinə uyğun şəkildə transformasiya olunur. Onun sözlərinə görə, bu proses yalnız texnologiyadan istifadə bacarığını deyil, eyni zamanda onu anlamaq və effektiv şəkildə tətbiq etməyi də əhatə edir.

Cəmalə Məmmədzadə qeyd edib ki, “Neyron” platformasının əsas üstünlüyü süni intellekt mövzusunu məktəb yaşlı istifadəçilər üçün əlçatan və sistemli formada təqdim etməsidir. Bu yanaşma şagirdlərə gələcəyin texnologiyalarını erkən yaşda tanımaq, analitik düşünmə bacarıqlarını inkişaf etdirmək və rəqəmsal mühitə daha hazırlıqlı şəkildə daxil olmaq imkanı yaradır.

Onun sözlərinə görə, platforma ölkədə süni intellekt savadlılığının genişlənməsinə, rəqəmsal təhsil mühitinin zənginləşməsinə və gələcək bacarıqların formalaşmasına mühüm töhfə verəcək yeni yanaşma təqdim edir.

Yaqut Ağaşahqızı, “İki sahil”