Uğurlu dünya icma modellərinin öyrənilməsi, beynəlxalq ekspertlərin cəlbi və birgə layihələr vasitəsilə yerli ekosistemin qlobal innovasiya şəbəkəsinə inteqrasiyası hədəflənir
Qlobal miqyasda süni intellekt sahəsində uğurlu icma modelləri artıq innovasiya və bilik mübadiləsinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bu təcrübələrdən faydalanmaq və yerli ekosistemi beynəlxalq standartlara uyğun inkişaf etdirmək məqsədilə “AI Community” layihəsində qlobal əməkdaşlıq və beynəlxalq təcrübənin tətbiqi xüsusi istiqamət kimi müəyyən edilib.
Mövzu ilə bağlı Milli Süni İntellekt Mərkəzinin Marketinq Departamentinin rəhbəri Cəmalə Məmmədzadə “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, layihə çərçivəsində dünyada fəaliyyət göstərən uğurlu süni intellekt icmalarının təcrübəsi sistemli şəkildə araşdırılır və bu modellərin əməkdaşlıq, bilik mübadiləsi və innovasiya mexanizmlərinin yerli ekosistemə uyğunlaşdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, qlobal əməkdaşlıq istiqamətində beynəlxalq ekspertlərin, tədqiqatçıların və müxtəlif texnologiya təşkilatlarının icma tədbirlərinə və müzakirələrinə cəlb olunması planlaşdırılır. Eyni zamanda, xarici icmalarla davamlı əlaqələrin qurulması, birgə tədbirlərin təşkili, ortaq layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsi platformalarının formalaşdırılması hədəflənir.
Cəmalə Məmmədzadə vurğulayıb ki, bu əməkdaşlıqlar nəticəsində icma üzvləri qlobal süni intellekt trendləri, qabaqcıl texnologiyalar və beynəlxalq tətbiq nümunələri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Onun sözlərinə görə, eyni zamanda yerli mütəxəssislərin və innovativ layihələrin beynəlxalq platformalarda tanıdılması, Azərbaycanın süni intellekt ekosisteminin qlobal şəbəkələrə inteqrasiyası və yeni strateji tərəfdaşlıqların formalaşdırılması əsas hədəflərdən biridir.
Yaqut Ağaşahqızı, “İki sahil”
"AI Community” süni intellekt ekosistemində bilik və təcrübə mübadiləsini gücləndirən çoxşaxəli əməkdaşlıq platforması kimi formalaşır
Cəmalə Məmmədzadə: “Neyron” süni intellekt savadlılığını məktəb yaşından formalaşdırır
Azərbaycan və Türkmənistanı əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir - TƏHLİL
"Neyron” platforması: məktəbliləri gələcəyin süni intellekt dünyasına hazırlayan innovativ təhsil mühiti