23 iyun 2026 17:05
79

Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib

İyunun 23-də Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Mil-Muğan iqtisadi rayonu üzrə növbəti regional müşavirə keçirilib.

“İki sahil” xəbər verir ki, Saatlıda keçirilən müşavirə 25 may 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında müəyyən edilmiş hədəflərin regionlar üzrə əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov yeni Dövlət Proqramının əsas məqsəd və hədəfləri haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, son illər həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatında ənənəvi sahələrin istehsal və ixrac potensialı artıb, bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlib, meyvə-tərəvəz və yumurta üzrə isə tam özünütəminetmə səviyyəsinə nail olunub.  Natiq Əmirov əlavə edib ki, Dövlət Proqramı qarşıdakı dövr üçün kənd təsərrüfatının yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və məhsul istehsalının artırılması, emal və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova təqdimatında bildirib ki, Dövlət Proqramı regionlarda istehsal infrastrukturunun gücləndirilməsi, müasir texnologiyaların tətbiqi və fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur. O qeyd edib ki, aqrar sahədə süni intellekt həllərinin və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) məlumatyönümlü alt sistemlərinin inkişafı sahənin daha çevik və səmərəli idarə olunmasına imkan verəcək. Nazir müavini vurğulayıb ki, qərarların qəbulunda məlumat bazaları, elektron sistemlər, peyk müşahidələri, torpaq və su ehtiyatları üzrə göstəricilər, eləcə də real məhsuldarlıq məlumatları mühüm rol oynayır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev bildirib ki, Dövlət Proqramı çərçivəsində qarşıya qoyulmuş hədəflər üzrə aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlər nəzərdə tutulub. 2026-2030-cu illər üzrə qəbul edilmiş bu Dövlət Proqramının ana xəttini yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçid təşkil edir. Bu baxımdan, Dövlət Proqramı çərçivəsində müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, su itkilərinin azaldılması və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi əsas prioritetlərdəndir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında rayonun aqrar sahədə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, Beyləqan ölkənin aparıcı kənd təsərrüfatı rayonlarından biri kimi taxılçılıq, pambıqçılıq, heyvandarlıq və quşçuluq sahələrində mühüm nəticələr əldə edir. Əziz Əzizov su təminatının yaxşılaşdırılması, meliorasiya infrastrukturunun inkişafı və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasının prioritet istiqamətlərdən olduğunu vurğulayıb.

Müşavirədə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan fermer və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatların fəaliyyəti, istehsal imkanları və inkişaf perspektivləri barədə məlumat veriblər. Çıxışlarda kənd təsərrüfatına göstərilən diqqət və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ifadə olunaraq, Dövlət Proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin istehsalın artırılmasına, təsərrüfatların genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcəyi bildirilib.

Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov aqrar sahədə qarşıya qoyulan hədəflərə nail olunması üçün dövlət qurumları, fermerlər və sahibkarlar arasında koordinasiyalı əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd edib ki, kənd təsərrüfatında rəqabətqabiliyyətli və dayanıqlı istehsalın formalaşdırılması üçün innovativ yanaşmaların tətbiqi, resurslardan səmərəli istifadə və istehsalın intensivləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Natiq Əmirov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, aqrar sahədə əlavə dəyərin artırılmasına və regionların inkişafına mühüm töhfə verəcəyini bildirib. Eyni zamanda qeyd olunub ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.