Onlayn platforma, tematik görüşlər, seminarlar və praktiki vörkşoplar vasitəsilə müxtəlif sahə nümayəndələri üçün real əməkdaşlıq və inkişaf imkanları yaradılır
Süni intellekt ekosisteminin dayanıqlı inkişafı üçün bilik və təcrübə mübadiləsinin sistemli şəkildə təşkili xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən “AI Community” təşəbbüsü müxtəlif sahələrdən olan mütəxəssislərin, tədqiqatçıların, tələbələrin və bu sahəyə maraq göstərən şəxslərin bir araya gətirilməsini və ortaq inkişaf mühitinin formalaşdırılmasını hədəfləyir.
Mövzu ilə bağlı Milli Süni İntellekt Mərkəzinin Marketinq Departamentinin rəhbəri Cəmalə Məmmədzadə “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, “AI Community” çərçivəsində bilik və təcrübə mübadiləsinin təşviqi üçün çoxşaxəli mexanizmlər nəzərdə tutulur.

Onun sözlərinə görə, bu mexanizmlərə onlayn platforma üzərindən interaktiv müzakirələr, tematik görüşlər, ixtisaslaşmış seminarlar, praktiki vörkşoplar və ekspert çıxışları daxildir. Bu formatlar icma üzvlərinə süni intellekt sahəsindəki yenilikləri izləmək, müxtəlif təcrübələrlə tanış olmaq və əldə etdikləri bilikləri bölüşmək imkanı yaradacaq.
Cəmalə Məmmədzadə qeyd edib ki, icma üzvləri eyni zamanda yeni peşəkar əlaqələr qurmaq, ortaq maraqlara əsaslanan şəbəkələr formalaşdırmaq və birgə layihələrdə iştirak etmək imkanı əldə edəcəklər.
Onun sözlərinə görə, təşkil olunacaq seminar və müzakirələrdə mütəxəssislər real layihələrdən əldə etdikləri təcrübələri paylaşacaq, iştirakçılar isə süni intellektin yeni tətbiq sahələri və alətləri ilə daha yaxından tanış olacaqlar.
“Əsas məqsəd bilik mübadiləsini nəzəri çərçivədən çıxararaq onu real əməkdaşlıqlara, innovativ layihələrə və praktik həllərə çevirməkdir,” – deyə o vurğulayıb.
Yaqut Ağaşahqızı, “İki sahil”
Cəmalə Məmmədzadə: “Neyron” süni intellekt savadlılığını məktəb yaşından formalaşdırır
Azərbaycan və Türkmənistanı əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir - TƏHLİL
"Neyron” platforması: məktəbliləri gələcəyin süni intellekt dünyasına hazırlayan innovativ təhsil mühiti