23 iyun 2026 21:00
83

“NB Holding” şirkətinin hüquqşünasları bu məsələ üzərində işləyirlər

Cari ilin 22 iyun tarixində “Ak Biday – Terminal” ASC-nin İdarə Heyətinin sədri Nurlan Yerkojaulı işgüzar səfərlə Bakıya gəlmiş, burada “NB Holding” şirkətinin (BTT-nin təsisçisi) maliyyə direktoru Z. Əhmədov və BTT-nin Azərbaycan tərəfdən İdarə Heyətinin sədri S. Əhmədov ilə görüş keçirib. Görüşdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak etmişlər.

“İki sahil” xəbər verir ki, görüş zamanı Z. Əhmədov bildirmişdir ki, Qazaxıstan tərəfinin, o cümlədən Səfirliyin həyata keçirdiyi tədbirlər (AR Prezident Administrasiyası, İqtisadiyyat və Xarici İşlər nazirlikləri ilə keçirilən görüşlər, həmçinin göndərilmiş notalar) nəticəsində yuxarı instansiyadan BTT-nin təsis sənədlərinin hazırlanması barədə tapşırıq verilmişdir. O qeyd etmişdir ki, hazırda “NB Holding” şirkətinin hüquqşünasları bu məsələ üzərində işləyirlər.

Bununla yanaşı, Azərbaycan tərəfindən sənədlərin hazırlanması prosesinin başa çatdırılma müddətləri hələ dəqiqləşdirilməmişdir. Yaxın praktiki addım kimi Azərbaycan tərəfi əmin etmişdir ki, sözügedən təsis və hüquqmüəyyənedici sənədlərlə birbaşa məşğul olan hüquqşünaslarla qısa müddətdə videokonfrans təşkil olunacaqdır.

Keçirilmiş görüş çərçivəsində BTT qarşısında aşağıdakı vəzifələr də qoyulmuşdur:

* Satış bazarlarının genişləndirilməsi – Cənubi Qafqaz, Türkiyə və İraq bazarlarına çıxış istiqamətində fəaliyyətin aktivləşdirilməsi;

* Kadr potensialının gücləndirilməsi – müəssisənin kommersiya direktoru üzrə vakant vəzifəsinin ən qısa müddətdə doldurulması.

Öz növbəsində, N. Yerkojaulı vurğulamışdır ki, əgər bu məsələ yaxın vaxtlarda öz həllini tapmasa, o, bu il Astanada keçiriləcək və Qazaxıstan Respublikası Baş nazirinin müavini N. Nalibayevin həmsədrliyi ilə təşkil olunacaq Qazaxıstan və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın (BHK) növbəti 22-ci iclasının gündəliyinə çıxarılacaqdır.

O, həmçinin xüsusi olaraq qeyd etmişdir ki, məsələ BHK çərçivəsində də həll olunmasa, bu mövzu Qazaxıstan Respublikası və Azərbaycan Respublikası Prezidentlərinin növbəti görüşünün gündəliyinə daxil ediləcək, daha dəqiq desək, cari ildə Qazaxıstan Prezidenti K. Tokayevin Azərbaycana planlaşdırılan dövlət səfəri çərçivəsində müzakirə olunacaqdır.

Görüşün yekunlarına əsasən, Azərbaycan tərəfi bu məsələnin həllini maksimum sürətləndirəcəyini və baş verəcək hər hansı dəyişiklik barədə Qazaxıstan tərəfini məlumatlandıracağını bildirmişdir.