24 iyun 2026 13:54
94

ADAU-da “Məzun günü” təntənə ilə qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunan möhtəşəm “Məzun günü” böyük təntənə ilə qeyd olunub. Gəncə İdman Sarayında təşkil olunan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, məzunlar və onların valideynləri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Dövlət Himni səsləndirilib.

ADAU-nun rektoru Zəfər Qurbanov çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, universitetdən məzun olmaq yalnız bir təhsil mərhələsinin tamamlanması deyil, eyni zamanda cəmiyyət və dövlət qarşısında yeni məsuliyyətlərin başlanğıcıdır. O, Azərbaycan Dövlət Aqrar Universitetində əldə olunan bilik və bacarıqların məzunların peşəkar fəaliyyətində mühüm rol oynayacağına əminliyini ifadə edib, gənclərin ölkənin aqrar sektorunun inkişafına, ərzaq təhlükəsizliyinin təmin olunmasına və Azərbaycanın gələcək tərəqqisinə layiqli töhfələr verəcəklərinə inandığını bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məzunları təbrik edərək gənclərin bilikli, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasının ölkənin gələcək inkişafının əsas təminatlarından biri olduğunu qeyd edib. O, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların əldə etdikləri bilik və təcrübəni Azərbaycanın tərəqqisi naminə uğurla tətbiq edəcəklərinə əminliyini ifadə edib.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli aqrar sahənin ölkə iqtisadiyyatında strateji əhəmiyyət daşıdığını qeyd edərək, ADAU məzunlarının müasir aqrar sektorun inkişafında mühüm rol oynayacaqlarını vurğulayıb, onlara peşə fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzu edib.
Nazir müavini bildirib ki, ölkədə aqrar sahənin innovativ yanaşmalar və müasir texnologiyalar əsasında inkişafı məhz yüksək ixtisaslı kadr potensialının formalaşdırılmasından asılıdır. O, məzunların əldə etdikləri bilik və bacarıqları istehsalatda uğurla tətbiq edərək kənd təsərrüfatının daha da inkişafına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Pərvin Kərimzadə, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıyeva, Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri, “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Mürvət Həsənli məzunları təbrik edərək onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb, ADAU-nun ölkənin aqrar sahəsi üçün yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd ediblər.

Daha sonra universiteti ən yüksək göstəricilərlə başa vuran məzunlar çıxış ediblər. Aqrar İqtisadiyyat fakültəsinin “Marketinq” ixtisası üzrə məzunu İsmayıl İbrahimov və Baytarlıq təbabəti fakültəsinin “Əczaçılıq” ixtisası üzrə məzunu Şule Özmen Mustafa tələbəlik illərində qazandıqları bilik və təcrübənin onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını bildirərək, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlıqlarını ifadə ediblər.

Sonra hər bir fakültə üzrə universiteti ən yüksək orta müvəffəqiyyət göstəricisi ilə bitirən məzunlara təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim olunub. Azərbaycan Dövlət Aqrar Universitetini ən yüksək ortalama bal ilə bitirən məzunun adı isə ənənəyə uyğun olaraq universitetin Fəxri Kötüyünə həkk edilib.

Rəsmi hissədən sonra tədbir zəngin konsert proqramı ilə davam edib. Tanınmış müğənnilərin, DJ-lərin və rəqs kollektivlərinin rəngarəng çıxışları məzunlara və qonaqlara unudulmaz anlar yaşadıb.