25 iyun 2026 12:43
109

Akşin Əlili: Rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, qeyri-rəsmi ərazilərdə isə...

Azərbaycanda rəsmi və qeyri-rəsmi çimərliklər arasında təhlükəsizlik baxımından ciddi fərqlər mövcuddur.

Bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili “İki sahil”ə özəl müsahibəsində məlumat verib.

O bildirib ki, rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur. Belə ki, həmin ərazilərdə xilasedicilər xidmət aparır, xilasetmə məntəqələri fəaliyyət göstərir, xilasetmə vasitələri və ilkin tibbi yardım imkanları mövcud olur.

Akşin Əlilinin sözlərinə görə, qeyri-rəsmi və nəzarətsiz çimərliklərdə isə bu cür təhlükəsizlik infrastrukturu olmadığından hər hansı fövqəladə hadisə zamanı operativ müdaxilə imkanları məhdudlaşır.

FHN rəsmisi qeyd edib ki, statistik müşahidələr suda boğulma hallarının böyük hissəsinin məhz nəzarətsiz çimərlik ərazilərində, eləcə də çimmək üçün nəzərdə tutulmayan kanal, göl və çaylarda baş verdiyini göstərir.

Bu səbəbdən vətəndaşlara yalnız nəzarət edilən və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etmələri tövsiyə olunur.

Yaqut Ağaşahqızı, “İki sahil”