25 iyun 2026 15:15
90

Uşaqların suda təhlükəsizliyi üçün ilboyu maarifləndirmə tədbirləri keçirilir

Akşin Əlili: Təhlükəsizlik mədəniyyətinin erkən yaşlardan formalaşdırılması əsas məqsədlərdən biridir

Uşaqların və yeniyetmələrin suda boğulma riskindən qorunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən ilboyu sistemli maarifləndirmə tədbirləri həyata keçirilir.

Bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili “İki sahil”ə özəl müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, il ərzində respublikanın təhsil və səhiyyə müəssisələrində, məktəblərdə, xəstəxanalarda və digər ocaqlarda fövqəladə hallarla bağlı davranış qaydalarına həsr olunan silsilə maarifləndirmə tədbirləri keçirilir. Bu tədbirlər zamanı iştirakçılara sularda təhlükəsizlik qaydaları barədə geniş məlumat təqdim olunur.

Akşin Əlili qeyd edib ki, çimərliklərdə aparılan məlumatlandırma işləri də bu fəaliyyətin əsas istiqamətlərindən birini təşkil edir. Xüsusilə valideynlərin diqqətinə çatdırılır ki, 13 yaşına qədər olan uşaqlar yalnız böyüklərin nəzarəti altında çimərlikdən istifadə edə bilərlər və uşaqlar heç bir halda nəzarətsiz buraxılmamalıdırlar.

FHN rəsmisi vurğulayıb ki, həyata keçirilən maarifləndirmə tədbirlərinin əsas məqsədi təhlükəsizlik mədəniyyətinin erkən yaşlardan formalaşdırılmasıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”