Avropa Oyunlarına lisenziya qazanan ilk kişi Azərbaycan oxatmaçısı, yeddiqat ölkə çempionu Məhəmmədəli Əliyev uğura aparan yolundan, qarşılaşdığı çətinliklərdən və gələcək hədəflərindən danışır
Məhəmmədəli Əliyev: Mənim üçün böyük və ya kiçik yarış anlayışı yoxdur
İdman yalnız fiziki güc deyil, eyni zamanda möhkəm iradə, yüksək konsentrasiya, səbir və xarakter məktəbidir. Elə idman növləri var ki, burada qələbəyə gedən yol saniyələrin deyil, millimetrin, emosiyaların deyil, soyuqqanlılığın hesabına ölçülür. Kamandan oxatma da məhz belə idman növlərindən biridir. Dəqiqlik, diqqət, psixoloji dayanıqlıq və uzunmüddətli hazırlıq tələb edən bu sahədə uğur qazanmaq hər idmançıya nəsib olmur. Lakin illərin zəhməti, məqsədyönlülük və peşəkarlıq sayəsində Azərbaycan oxatma məktəbinin tanınmış simalarından birinə çevrilən Məhəmmədəli Əliyev bu çətin yolu uğurla keçməyi bacarıb.
İdman ustası, yeddiqat Azərbaycan çempionu, ölkə rekordçusu və kamandan oxatma üzrə iki rekordun müəllifi olan Məhəmmədəli Əliyev Azərbaycan idman tarixində xüsusi yer tutan nailiyyətlərə imza atıb. O, Avropa Oyunlarına lisenziya qazanmış ilk kişi Azərbaycan oxatmaçısı kimi ölkə idmanında yeni bir səhifənin müəllifi olub. Bu uğur təkcə şəxsi nailiyyət deyil, həm də Azərbaycan oxatma məktəbinin beynəlxalq arenada tanınması baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Məhəmmədəli Əliyevin idman yolu qazanılmış medallardan və çempionluqlardan daha geniş məna daşıyır. Bu yol gərgin məşqlərin, yorulmadan davam edən hazırlıq prosesinin, məğlubiyyətlərdən nəticə çıxarmağın, hər dəfə yenidən ayağa qalxaraq daha böyük hədəflərə doğru irəliləməyin hekayəsidir. O, illər ərzində həm ölkə daxilində keçirilən nüfuzlu yarışlarda, həm də beynəlxalq turnirlərdə Azərbaycan bayrağını yüksəklərdə dalğalandıraraq öz peşəkarlığını dəfələrlə sübut edib.
Bu gün kamandan oxatma üzrə Azərbaycanın ən təcrübəli və uğurlu idmançılarından biri hesab olunan Məhəmmədəli Əliyev yalnız nəticələri ilə deyil, həm də idmana olan sevgisi, peşəsinə sədaqəti və gənclərə örnək ola biləcək həyat prinsipləri ilə seçilir. Onun uğur hekayəsi göstərir ki, məqsədə doğru inamla addımlayan insan üçün heç bir zirvə əlçatmaz deyil.

“İki sahil”in budəfəki müsahibi məhz bu uğurların sahibi – Azərbaycan kamandan oxatma məktəbinin tanınmış nümayəndəsi, Avropa Oyunlarına lisenziya qazanmış ilk kişi oxatmaçımız Məhəmmədəli Əliyevdir. Onunla idmana gəlişindən başlayaraq qazandığı nailiyyətlər, qarşılaşdığı çətinliklər, ölkəmizi beynəlxalq arenalarda təmsil etməyin qüruru, gələcək planları və Azərbaycan oxatmasının perspektivləri barədə ətraflı söhbət etdik.
– Özünüzü oxuculara qısa təqdim edərdiniz. Kamandan oxatma ilə məşğul olmağa necə başladınız?
– Mən Məhəmmədəli Əliyevəm. İdman ustası, yeddiqat Azərbaycan çempionu, iki rekordun müəllifi və ən əsası, kamandan oxatma idman növü üzrə Avropa Oyunlarına lisenziya qazanmış ilk kişi Azərbaycan idmançısıyam.
Oxatma ilə məşğul olmağım maraqlı təsadüf nəticəsində baş verdi. Əvvəllər güləşlə məşğul olur və hətta milli komandaya da cəlb olunmuşdum. Lakin bel nahiyəmdən aldığım zədə səbəbindən bu idman növünü tərk etməli oldum. Oxatma bölməsi isə güləş zalının yanında yerləşirdi. Yay aylarında özümü bu sahədə sınamaq qərarına gəldim. Açığı, heç düşünmürdüm ki, bu məşğuliyyət gələcəkdə həyatımın əsas peşəsinə çevriləcək. Bir yarış, sonra ikinci yarış derkən bu idman növünə daha da bağlandım və bu gün gördüyünüz kimi, kamandan oxatma həyatımın ayrılmaz hissəsinə çevrilib.
– Niyə məhz kamandan oxatma idman növünü seçdiniz?
– Kamandan oxatma elə bir idman növüdür ki, burada fiziki hazırlıqla yanaşı, mental hazırlıq da böyük rol oynayır. Bu idman insanın özünəinamını, diqqətini, konsentrasiyasını, daxili hissiyyatını və iradəsini inkişaf etdirir. Məhz bu xüsusiyyətlər məni özünə cəlb etdi və bu sahədə qalmağa qərar verdim.

– Karyeranızda dönüş nöqtəsi hesab etdiyiniz bir yarış olubmu?
– Bəli, əlbəttə. Karyeramın dönüş nöqtəsi 2023-cü ilin sentyabr ayında Batumidə keçirilən beynəlxalq yarış oldu. Həmin yarışda gözlənilmədən zəif hesab edilən rəqibə məğlub oldum. Açığı, bu nəticəyə çoxları inanmırdı və müəyyən anlaşılmazlıqlar da yaranmışdı. Lakin sonradan sübut etdim ki, idmanda həm yüksəliş, həm də eniş mümkündür. Hər bir idmançı bəzən məğlub ola bilər. Əsas məsələ məğlubiyyətdən nəticə çıxarmaq və yenidən ayağa qalxmağı bacarmaqdır. İdmançını yalnız nəticələrinə görə deyil, bütövlükdə şəxsiyyət kimi dəyərləndirmək lazımdır.
– Oxatmada uğur qazanmaq üçün ən vacib amillər hansılardır?
– Kamandan oxatmada uğurun əsas şərtləri yüksək konsentrasiya, özünəinam, inam və bədənlə tam harmoniya yaratmaqdır. Bu amillərdən hər hansı biri çatışmadıqda nəticə əldə etmək çətinləşir. Fiziki hazırlıq da vacibdir, lakin burada psixoloji hazırlığın rolu daha böyükdür.
– Uğursuzluqdan sonra özünüzü necə toparlayırsınız?
– Son üç il ərzində ciddi uğursuzluq yaşamamışam. Lakin 2023-cü ildə həmin məğlubiyyəti aldıqdan sonra oturub hər şeyi təhlil etdim, özüm üçün nəticələr çıxardım. Daha sonra səhvlərimin üzərində işlədim və bundan sonra hər şey öz axarına düşdü.

– Atışdan əvvəl diqqətinizi və sakitliyinizi necə qoruyursunuz?
– Diqqət və sakitlik kamandan oxatmanın əsas şərtlərindəndir. Yarış və ya məşq olmasının fərqi yoxdur. Ox atdığım zaman sanki dünyada yalnız iki şey mövcud olur: mən və hədəf. Bütün diqqətim və konsentrasiyam yalnız hədəfə yönəlir.
– Ən yaddaqalan yarışınız hansıdır?
– Yaddaqalan yarışlarım çox olub. Lakin ən unudulmaz yarış Antalyada keçirilən Avropa çempionatı oldu. Həmin yarışda Avropa Oyunlarına lisenziya qazandım. Bu uğur həyatımda yeni bir mərhələnin başlanğıcı oldu və bu nailiyyətlə hər zaman fəxr edirəm.
– Ölkəni beynəlxalq arenada təmsil etmək sizə nə hiss etdirir?
– Ölkəni təmsil etmək olduqca qürurverici hissdir. Eyni zamanda, bu, çox böyük məsuliyyət tələb edir. Buna görə də hər zaman bu missiyaya ciddi yanaşmağa və üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıram.
– Sizə ən çox təsir edən məşqçi kim olub?
– Bu, mənim üçün bir qədər çətin sualdır. Çünki hər məşqçinin özünəməxsus yanaşma tərzi və təcrübəsi var. Onların hər birindən müəyyən bilik və təcrübə öyrənmişəm. Bir növ, biri digərini tamamlayıb desəm, daha doğru olar.

– İdman həyatınızda xüsusi yer tutan bir xatirə varmı?
– Bəli, idman həyatımda çoxlu xüsusi xatirələr var. Lakin hazırda Avropa Oyunlarına qazandığım lisenziyanı xüsusi qeyd edə bilərəm. Antalyada keçirilən Avropa çempionatı mənim üçün təkcə idman karyeramda deyil, ümumiyyətlə həyatımda ən əlamətdar hadisələrdən biri kimi yadda qalıb.
– Kamandan oxatma ilə məşğul olmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?
– Gənclərə tövsiyəm odur ki, heç vaxt təslim olmasınlar. Qarşılarına çıxan çətinliklərdən qorxmasınlar və daim irəliyə doğru addımlasınlar. Əzmkarlıq və zəhmət nəticəsində məqsədlərinə mütləq çatacaqlar.
– Azərbaycanda kamandan oxatmanın inkişafı barədə fikirləriniz necədir?
– Hesab edirəm ki, Azərbaycanda kamandan oxatma hazırda sürətlə inkişaf edir. 2025-ci ilin oktyabr ayından etibarən bu istiqamətdə görülən işlər daha da sistemli xarakter alıb. Açığı, hazırkı inkişaf prosesindən böyük məmnunluq duyur və bu irəliləyişləri maraqla izləyirəm.

– Gələcək hədəfləriniz nələrdir?
– Əsas hədəflərim Dünya Kubokunda yüksək nəticələr əldə etmək və ölkəmə medalla qayıtmaqdır. Həmçinin Avropa Oyunlarında təkcə iştirakçı kimi deyil, medalçı idmançı kimi çıxış etmək istəyirəm. Ən böyük məqsədim isə Olimpiya Oyunlarına lisenziya qazanmaq və orada da medal əldə etməkdir.
– Beynəlxalq yarışlarda əsas məqsədiniz nədir?
– Beynəlxalq yarışlarda əsas məqsədim yüksək nəticələr göstərmək və medallar qazanmaqdır. Bu prinsip yalnız beynəlxalq yarışlara deyil, yerli turnirlərə də aiddir. Mənim üçün böyük və ya kiçik yarış anlayışı yoxdur. Hər bir yarışa eyni məsuliyyətlə yanaşır və qalib gəlmək üçün mübarizə aparıram.
Məhəmmədəli Əliyevin həyat və uğur yolu bir daha göstərir ki, böyük nailiyyətlərin arxasında uzun illərin zəhməti, əzmkarlıq, güclü iradə və məqsədə sadiqlik dayanır. Kamandan oxatma kimi yüksək dəqiqlik, səbir və psixoloji hazırlıq tələb edən bir idman növündə qazandığı uğurlar onun peşəkarlığının və fədakarlığının bariz nümunəsidir.
Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edən, ölkəmizin idman tarixində ilkə imza ataraq Avropa Oyunlarına lisenziya qazanan ilk kişi oxatmaçı kimi adını tarixə yazdıran Məhəmmədəli Əliyevin qarşıdakı illərdə də yeni uğurlara imza atacağına inanırıq.
Müsahibəyə görə Məhəmmədəli Əliyevə təşəkkür edir, ona gələcək yarışlarda möhtəşəm qələbələr, yeni rekordlar, mötəbər turnirlərdə medal sevincləri və Olimpiya hədəfinə gedən yolda uğurlar arzulayırıq. İnanırıq ki, onun yeni nailiyyətləri Azərbaycan idmanının inkişafına və kamandan oxatmanın daha geniş tanınmasına mühüm töhfələr verəcək.
Yaqut Ağaşahqızı, “İki sahil”