Bakı şəhər Statistika İdarəsi 4 ayın göstəricilərini açıqlayıb
Sənayenin inkişafı haqqında
2026-cı ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 16,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 72,0 faizi mədənçıxarma, 24,0 faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,3 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 12,1 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2026-cı il vəziyyətinə 539,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 40,8 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2026-cı ilin yanvar-aprel aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin 80,7 faizini inşa, yenidənqurma və bərpa, 8,9 faizini əsaslı təmir, 6,5 faizini cari təmir, 3,9 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi tikinti işlərinin 85,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2026-cı ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 11899,4 milyon manatlıq, o cümlədən 6516,6 milyon manatlıq ərzaq malları, içkilər və tütün məmulatları, 5382,8 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 4,0 faiz, o cümlədən ərzaq malları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,9 faiz artmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,5 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 4,9 faiz artmışdır. İstehlak məhsullarının 38,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılmışdır.
İctimai iaşə
2026-cı ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,4 faiz artaraq 620,8 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 374,5 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60,3 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2026-cı ilin yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz artaraq 3482,9 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2738,1 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 78,6 faizini təşkil etmişdir.
Əməkhaqqı
2026-cı ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 8,9 faiz artaraq 1357,3 manat olmuşdur.
Bakı şəhər Statistika İdarəsi
Sabirabadda fermerlər üçün pambıqçılıq üzrə maarifləndirici sahə görüşü keçirilib
Baş nazir Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri ilə görüşüb