25 iyun 2026 20:15
119

Soydaşlarımız Qərbi Azərbaycana qayıtmalıdır

Tarixi faktlara əsasən, 1988-1989-cu illərdə Qərbi Azərbaycandakı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən 300 minə yaxın soydaşımız zorla qovulub, onların evləri və digər şəxsi mülkləri əvəzi ödənilmədən zəbt edilib. Üstəlik, təcavüzkar ölkə soydaşlarımızın qovulduğu və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda xalqımızın zəngin maddi-mənəvi irsini şüurlu və planlı şəkildə tamamilə məhv etmək və ya saxtalaşdırmaq, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti aparıb. Təəssüf ki, bu etnik təmizləmə siyasəti ilə bağlı aidiyyəti qurumlar beynəlxalq təşkilatlar qarşısında hələ də cavab verməyiblər.

Müəyyən çətinliklərə baxmayaraq artıq neçə ildir ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş və hələ də evlərinə dönə bilməyən azərbaycanlıların təşkilatı – Qərbi Azərbaycan İcması bütün bu yaşananları beynəlxalq aləmə çatdırmaq üçün səylə çalışır. Hətta bununla bağlı beynəxalq tədbirlər də təşkil edir. Amma Ermənistan hələ də buna məhəl qoymur. Dezinformasiyalar yayır ki, guya azərbaycanlılar Ermənistanı könüllü şəkildə tərk ediblər. Halbuki onların zorakılıqlara məruz qalmaları ilə bağlı kifayət qədər tutarlı faktlar var. Digər tərəfdən, Ermənistan rəsmiləri Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışırlar. Halbuki Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalı, bu məsələyə öz xislətinə uyğun don geyindirməməlidir. Onu da qeyd edək ki, Ermənistandan fərqli olaraq Azərbaycanın heç bir dövlətə qarşı heç bir ərazi iddiası yoxdur.

 Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu günlərdə jurnalistlərə açıqlamasında bildirib ki, icma sülhün, təhlükəsizliyin və regional əməkdaşlığın tərəfdarıdır: “Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını dəstəkləyirik. Eyni zamanda hesab edirik ki, Ermənistan rəhbərliyi Qərbi azərbaycanlıların doğma evlərinə qayıdış hüququnu qəbul etməli və bu prosesə mane olmamalıdır”. Onun fikrincə, bu, onların təkcə insanlıq haqqı deyil, eyni zamanda, beynəlxalq hüquqa söykənən haqqıdır. İcma rəhbəri bildirib ki, erməni və Azərbaycan xalqları əgər bu birgə yaşayışa qoşulmayacaqlarsa, bu insanlar öz ata-baba yurdlarına qayıtmayacaqlarsa, təbii ki, bu sülhün də davamlı olacağını düşünmək bir qədər absurd olardı: “Ermənistan rəhbərliyi birdəfəlik bilməlidir ki, regionda yaranmış, Azərbaycan dövləti və Prezidenti tərəfindən yaradılmış bu reallıqlarla hesablaşmağa məcburdur. Çünki sülhün əsas təminatı birgəyaşayışdır”.

Bu taleyüklü məsələ iyunun 24-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə ABŞ Konqresində “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: İkili standartlar və selektiv yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda bir daha gündəmə gətirilib. Hətta tədbir iştirakçıları bununla bağlı ABŞ Konqresinə müraciət də ünvanlayıblar. Şübhəsiz, bu, Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına beynəlxalq dəstəyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Müraciətdə beynəlxalq hüququn norma və prinsiplərinin qərəzsiz, ardıcıl və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin vacibliyi vurğulanıb. Sənəd müəllifləri xüsusilə Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaq hüququnun təmin edilməsinə çağırıblar. Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətin Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına dəstək verməsi, onların mülkiyyət hüquqlarının bərpası və mədəni irsinin qorunmasına yardım göstərməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Müraciətdə qeyd olunub ki, qayıdış hüququ beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və bu hüququn təmin olunması selektiv yanaşmalardan kənar həyata keçirilməlidir. Bir sözlə, müraciətdə etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması istiqamətində beynəlxalq dəstəyin gücləndirilməsinin vacibliyi vurğulanıb. Xatırladaq ki, Qərbi Azərbaycan məsələsi ölkəmizin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir.

Yeri gəlmişkən qeyd edək ki, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk tədbirdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”