26 iyun 2026 00:57
72

Narkotiklərə “YOX” de: həyatı seç!

Müasir dövrdə bəşəriyyətin üzləşdiyi qlobal sosial problemlərdən biri narkomaniyadır. Bu problem yalnız ayrı-ayrı şəxslərin sağlamlığına deyil, bütövlükdə cəmiyyətin sosial və mənəvi inkişafına mənfi təsir göstərir. Bu səbəbdən narkomaniya ilə mübarizə dövlət qurumları ilə yanaşı, bütün cəmiyyətin üzərinə düşən mühüm vəzifələrdən biridir.

İnsan həyatının ən böyük sərvət hesab edildiyi bir dövrdə hər hansı bir şəxsin öz iradəsi ilə sağlamlığını və gələcəyini təhlükə altına atması olduqca acınacaqlı haldır.

Mövcud vəziyyət onu göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi   dünya miqyasında genişlənməkdə davam edir və bu təhlükə getdikcə daha çox insanın həyatına mənfi təsir göstərir.

Təəssüf ki, bu problem Azərbaycandan da yan keçməmişdir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur və narkomaniyanın qarşısının alınmasını günümüzün ən vacib məsələlərindən birinə çevirir.

Narkomaniyanın ən təhlükəli tərəflərindən biri onun getdikcə daha çox yeniyetmə və gənci öz təsiri altına almasıdır. Gənclik insan həyatının ən məhsuldar və ümidverici dövrüdür. Məhz bu dövrdə narkotik asılılığına düşmək insanın sağlamlığını məhv etməklə yanaşı, onun təhsilinə, karyerasına, ailə münasibətlərinə və gələcək həyatına da ağır zərbə vurur.

Rəsmi statistik məlumatlara əsasən, Azərbaycanda narkotik istifadəçilərinin əksəriyyətini kişilər təşkil etsə də, qadınlar arasında da narkotik asılılığı halları mövcuddur. Bu fakt bir daha göstərir ki, narkomaniya cəmiyyətin bütün təbəqələrini əhatə edə bilən təhlükəli sosial bəladır.

Narkotik vasitələrdən istifadə edən şəxslərin fiziki və psixoloji sağlamlığı ciddi şəkildə zədələnir, onların əmək qabiliyyəti azalır, sosial münasibətləri pozulur və nəticədə cəmiyyət üçün faydalı vətəndaş olmaq imkanları məhdudlaşır. Lakin narkomaniyanın fəsadları yalnız fərdin sağlamlığı və təhlükəsizliyi ilə məhdudlaşmır. Aparılan araşdırmalar göstərir ki, bu problem ailədaxili münasibətlərə də ciddi mənfi təsir göstərir. Narkotik asılılığı ailə üzvləri arasında etimadın zəifləməsinə,münaqişələrin və zorakılıq hallarının artmasına səbəb olur, bir çox hallarda isə ailələrin dağılmaq təhlükəsi ilə üzləşməsinə gətirib çıxarır.

Zərərli vərdişlərə aludə olan şəxslərin ailələrində böyüyən uşaqlar çox vaxt sevgi, diqqət və qayğı çatışmazlığı ilə qarşılaşırlar. Belə bir mühitdə formalaşan uşaqların təhsildən uzaqlaşmaq, müxtəlif psixoloji problemlərlə üzləşmək və gələcəkdə riskli davranışlara meyl göstərmək ehtimalı daha yüksək olur. Bu isə problemin təsir dairəsinin təkcə bu günlə məhdudlaşmadığını, gələcək nəsillərin rifah və inkişafına da ciddi təhlükə yaratdığını göstərir.

Məhz buna görə də narkomaniya yalnız fərdi deyil, həm də ailə və cəmiyyət səviyyəsində həllini tələb edən mühüm sosial problemdir. Bu problemin həllində maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir. Yeniyetmələrin narkotik vasitələrin yaratdığı təhlükələr barədə dolğun məlumatlandırılması, onların sağlam həyat tərzinə istiqamətləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili narkomaniyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir. Gənclərin idmana, elmə, incəsənətə və digər yaradıcı fəaliyyət sahələrinə marağının artırılması onların zərərli vərdişlərdən uzaq qalmasına və potensiallarını düzgün istiqamətdə inkişaf etdirməsinə şərait yaradır. Bu baxımdan ailə, məktəb və cəmiyyət arasında sıx əməkdaşlığın qurulması xüsusi önəm daşıyır. Yalnız birgə səylər nəticəsində sağlam düşüncəli, məsuliyyətli və gələcəyinə inamla baxan gənc nəslin formalaşdırılmasına nail olmaq mümkündür. Narkomaniya ilə mübarizədə ailənin rolu əvəzsizdir. Çünki ailə uşağın ilk tərbiyə ocağı olmaqla yanaşı, onun xarakterinin, mənəvi dəyərlərinin və dünyagörüşünün formalaşmasında həlledici rol oynayır. Valideynlər övladları ilə səmimi və açıq ünsiyyət qurmalı, onların maraq dairəsi, problemləri və dost çevrəsi ilə yaxından maraqlanmalıdırlar.         Uşaqların davranışlarında baş verən dəyişikliklərə vaxtında diqqət yetirmək və onlara mənəvi dəstək göstərmək mümkün risklərin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Sağlam ailə münasibətləri, qarşılıqlı etimad və sağlam ünsiyyət mühiti uşaqları və yeniyetmələri müxtəlif təhlükələrdən, o cümlədən narkotik vasitələrin mənfi təsirindən qoruyan ən etibarlı amillərdən biridir.

Ölkəmizdə narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır və bu sahədə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, ictimai maarifləndirmə işinin genişləndirilməsi və xüsusilə gənc nəslin sağlam həyat tərzinə təşviqi istiqamətində mühüm layihə və təşəbbüslər həyata keçirilir. Aşkarlanan və ya Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında özünün və ya ailə üzvlərinin narkotik asılılığından əziyyət çəkdiyini bildirən şəxslərin müalicəyə cəlb olunması və onlara müvafiq dəstəyin göstərilməsi istiqamətində zəruri tədbirlər görülür.

Cari il ərzində Bakı şəhəri ilə yanaşı Ağcabədi, Bərdə, Balakən və Salyan rayonlarında Bakı Şəhər Baş Polis İdarəsi, regional “ASAN xidmət” mərkəzləri, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, eləcə də digər aidiyyəti qurumlarla

əməkdaşlıq çərçivəsində maarifləndirici görüşlər təşkil olunmuşdur. Həmin görüşlərdə şagirdlər, tələbələr, valideynlər, müəllimlər və məktəb psixoloqları iştirak etmiş, onlar narkomaniyanın fəsadları barədə ətraflı məlumatlandırılmışdırlar.

Eyni zamanda, cəmiyyətdə narkomaniya probleminə qarşı həssaslığın artırılması, sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin profilaktikası məqsədilə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Bununla yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Balakən, Qax və Zaqatala rayonlarından olan nümayəndələri tərəfindən “Narkotiksiz dünya naminə”, “Sağlam bədəndə sağlam ruh”,“Narkomaniyaya “yox” deyək” mövzularında maarifləndirici tədbirlər təşkil edilmişdir.

Həmçinin narkomaniyanın fəsadları barədə ictimai məlumatlılığın artırılması məqsədilə mütəmadi olaraq məqalələr dərc edilir, sosial çarxlar hazırlanır, elektron informasiya resursları və çap materialları işlənib hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Dövlətin narkomaniya ilə mübarizə sahəsində məqsədyönlü siyasəti və problemə sistemli yanaşması mövcuddur. Bu istiqamətdə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki baxımdan sağlam təməllər üzərində formalaşmasını hədəfləyir.

İnsanların həyatını faciəyə çevirən narkomaniyaya qarşı mübarizədə təkcə dövlət qurumları deyil, hər bir vətəndaş da məsuliyyət hissi daşımalıdır. Sağlam və təhlükəsiz cəmiyyətin formalaşması üçün ailələr, dövlət qurumları və ictimaiyyət birgə fəaliyyət göstərməli, gənc nəslin sağlam inkişafına davamlı dəstək verməlidirlər. Unutmaq olmaz ki, narkomaniyaya qarşı ən güclü vasitə məlumatlılıq, düzgü tərbiyə və sağlam həyat tərzidir.

Gəlin, narkotiklərə “yox” deyək, sağlam həyat tərzini seçək və gələcəyimizi qoruyaq! Narkotiksiz həyat — sağlam, təhlükəsiz və xoşbəxt gələcəyin əsas təminatıdır.   

Nailə İbrahimova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi