29 iyun 2026 18:39
111

Ermənistana ölkəmizin açdığı tranzit yolu nələr vəd edir?

44 günlük Vətən müharibəsindən və 23 saat davam edən lokal antiterror əməliyyatından sonra Cənubi Qafqazda de-fakto sülh təmin olundu. Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı, vacib razılaşmalar əldə edildi. Məhz Vaşinqton görüşündən sonra Azərbaycanla Ermənistan arasında normallaşma prosesi sürətləndi. Etimad quruculuğu istiqamətində praqmatik addımlar atıldı və iki ölkənin vətəndaş cəmiyyətləri heç bir vasitəçi olmadan qarşılıqlı səfərlər etdilər. Artıq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qərarı ilə ötən ilin oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi də davam edir. Yeri gəlmişkən, iyunun 28-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.  Belə ki, həmin gün 11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda Biləcəri stansiyasından Ermənistana yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub. Təkcə sonuncu fakt göstərir ki, Azərbaycanın tranzit potensialı Ermənistanın birbaşa neft məhsullarının, ərzaq və kənd təsərrüfatı ehtiyaclarının qarşılanmasında həlledici amilə çevrilməkdədir. Azərbaycanın bu addımı Ermənistanda da müsbət qarşılanır. Çünki rəsmi İrəvan artıq dərk edir ki, Bakının diktə etdiyi şərtlərlə hərəkət etməkdən başqa xilas yolu yoxdur.

Şübhəsiz, Azərbaycanın heç bir siyasi şərt irəli sürmədən belə addım atması Cənubi Qafqazda formalaşmaqda olan sülh gündəliyinə də xidmət edir. Göründüyü kimi, müstəqil siyasət yürüdən Azərbaycan Cənubi Qafqazda sülhün çarçısı olduğunu nümayiş etdirməkdə davam edir. Bu isə bölgədə yeni reallıqlar yaratmış, separatizmin kökünü kəsmiş Azərbaycanın özünə güvənindən irəli gəlir. Bu mənada tranzit məhdudiyyətlərinin götürülməsini güc və inamın təzahürü, ölkəmizin beynəlxalq nüfuzunun gücləndirməsi kimi dəyərləndirmək olar.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda keçirilmiş 7 iyun parlament seçkilərindən sonra sülh gündəliyi çərçivəsində dinamik addımların atılması müşahidə olunur.  İyunun 14-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistana səfərini və Dilican şəhərində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla işgüzar görüşünü buna misal göstərmək olar. Belə bir səviyyədə reallaşan bu səfəri uzun illər formalaşmış mənfi münasibətlərin yaxşılığa doğru yön alması kimi dəyərləndirmək olar. Xatırladaq ki, ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasında müəyyən dəyişiklilərin edilməsi sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın prinsipial təməl şərtidir. Bu mənada demək olar ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi rəsmi Bakının formalaşdırdığı yeni regional reallıqlar çərçivəsində davam edir.

Bu, həm də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP), yəni Zəngəzur dəhlizinin tezliklə gerçəkləşəcəyindən xəbər verir. Başqa sözlə desək, tranzit yük daşımalara məhdudiyyəti aradan qaldıran Azərbaycan Zəngəzur dəhlizi layihəsinin reallaşmasını sürətləndirir. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşər: "Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər".

Qvami Məhəbbətoğlu, “İki sahil”