29 iyun 2026 18:30
136

Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması mühüm əhəmiyyət daşıyır - Sadiq Qurbanov

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması Türk dünyasının milli yaddaşının bərpası, ortaq kimliyə sahib çıxılması və gələcək əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

O bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının dil, mədəniyyət və ortaq dəyərlər ətrafında birləşməsinin mühüm nümunəsi idi. Lakin sonrakı illərdə sovet hakimiyyəti bu birliyi dağıtmağa çalışıb və qurultayın bir çox iştirakçısı siyasi repressiyalara məruz qalıb.

“Yüz il sonra bu tarixi hadisəni yenidən qeyd etməyimiz milli yaddaşımızın bərpası, milli kimliyimizə sahib çıxmağımız deməkdir. Bu gün türk dövlətlərinin burada bir araya gəlməsi həm də Türk dünyasının yeni bir güc mərkəzi kimi beynəlxalq münasibətlər sistemində öz yerini daha da möhkəmləndirdiyini göstərir”, – deyə Sadiq Qurbanov vurğulayıb.

Deputatın sözlərinə görə, tədbir iştirakçılarının yüksək fəallığı və marağı Türk dünyasının ortaq tarixindən nəticə çıxarmaq, eyni zamanda, gələcəyə inamla baxmaq istəyindən irəli gəlir.

“Türk dünyasının gələcək inkişafı ilk növbədə ortaq dilin, mədəniyyətin və mənəvi dəyərlərin qorunması ilə bağlıdır. Bugünkü tədbir də bunun bariz nümunəsidir”, – deyə o bildirib.

Sadiq Qurbanov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev vaxtilə Birinci Türkoloji Qurultayın 80 illiyinin qeyd olunması ilə bağlı qərar qəbul edib. Prezident İlham Əliyevin Sərəncamı ilə isə qurultayın 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunur.

Millət vəkili hesab edir ki, müasir dövrün çağırışlarını nəzərə alaraq, İkinci Türkoloji Qurultayın keçirilməsinə də ehtiyac var və belə bir platforma türk xalqları arasında elmi və mədəni əməkdaşlığın daha da inkişafına xidmət edəcək.