29 iyun 2026 19:16
64

Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində  internet xidmətlərinin topdan satışı və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma ilə məşğul olan şirkətlərlə onlayn görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə internet xidmətləri bazarında şəbəkələrin dayanıqlılığının gücləndirilməsi, istehlakçı hüquqlarının müdafiəsi, kibertəhlükəsizlik tələblərinin icrası və telekommunikasiya infrastrukturunun səmərəli inkişafı  və bu məsələlərdən irəli gələrək normativ uyğunluğun artırılmasının zəruriliyi müzakirə olunub. Müzakirələr zamanı telekommunikasiya fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun həyata keçirilməsinin, göstərilən xidmətlərin hüquqi əsaslarının tam şəkildə rəsmiləşdirilməsinin və bazar iştirakçılarının üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulma, topdansatış internet xidmətlərinin təqdim edilməsi, şəbəkələrin təhlükəsizliyi və dayanıqlılığı ilə bağlı mövcud yanaşmalar ətrafında  qanunvericiliyin tələbləri izah olunmuş, bu istiqamətdə tətbiq edilən tənzimləmə mexanizmləri nəzərdən keçirilib.

Görüşdə topdansatış internet xidməti göstərən operatorların ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmanın formalaşdırılmasında mühüm rolu vurğulanıb. Bildirilib ki, bu operatorlar bağlantı təqdim etdikləri subyektlərin hüquqi uyğunluq və texniki hazırlıq səviyyəsinə diqqət yetirməlidirlər.

Qeyd olunub ki, ümumistifadəli şəbəkəyə çıxış imkanının nəzarətsiz və qeyri-şəffaf şəkildə təqdim edilməsi xidmət keyfiyyətinə, məsuliyyət bölgüsünə və son istifadəçi hüquqlarının qorunmasına təsir göstərə bilər. Bu səbəbdən topdansatış seqmentində məsuliyyətli qoşulma yanaşmasının tətbiqi, şəffaf provayderlərarası münasibətlərin qurulması və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərən bazar iştirakçıları ilə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

Görüş iştirakçıları tərəfindən internet xidmətləri bazarında şəffaflığın artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.

İKTA tərəfindən bu istiqamətdə təhlillər və institusional koordinasiya tədbirlərinin davam etdiriləcəyi bildirilib.