29 iyun 2026 22:46
115

Cənubi Koreya millisinin baş məşqçisinə ölüm təhdidi: Polis hava limanında təhlükəsizliyi gücləndirib

Cənubi Koreya polisi Dünya Çempionatının qrup mərhələsində məğlub olan milli futbol komandasının geri qayıtmasına hazırlıqla bağlı əlavə təhlükəsizlik tədbirləri görür.

“İki sahil” xəbər verir ki, bu, komandanın istefa vermiş baş məşqçisi Hon Myon Bonun ünvanına səsləndirilən ölüm təhdidləri ilə bağlıdır.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, İnçxon hava limanında 160 polis və 25 təhlükəsizlik işçisi xidmət göstərir. Anonim istifadəçi onlayn forumda məşqçinin Cənubi Koreyaya gəldikdə öldürəcəyini elan edib.

Cənubi Koreya Dünya Çempionatının açılış oyununda Çexiyaya qalib gəldi, lakin sonra Meksika və Cənubi Afrikaya məğlub oldu. Üç xal pley-off mərhələsinə yüksəlmək üçün kifayət etmədi.

Hon turnirdən sonra Cənubi Koreya millisinin baş məşqçisi vəzifəsindən istefa verib. Komandanın uğursuz çıxışı ölkədə ciddi narazılıqla qarşılanıb.

Cənubi Koreya Prezidenti Li Ce Myön də baş məşqçini kəskin tənqid edərək onun fəaliyyətini “səriştəsiz” adlandırıb. Prezident pley-off mərhələsinə yüksələ bilməməyi “absurd vəziyyət” kimi qiymətləndirib və məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsini tələb edib.

Cənubi Koreya indiyədək 12 dəfə dünya çempionatının final mərhələsində iştirak edib və bunların üçündə qrup mərhələsini adlayaraq növbəti mərhələyə yüksəlib. Dörd il əvvəl Qətərdə keçirilən mundialda komanda 1/8 finalda Braziliyaya 1:4 hesabı ilə məğlub olmuşdu.