30 iyun 2026 09:13
52

Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 6 il ötür

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 6 il ötür.  “İki sahil” xəbər verir ki, Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə Nizamnaməsi təsdiq edilərək fəaliyyətə başlayan Sosial Xidmətlər Agentliyi əhalinin həssas qruplarına dəstək olaraq onları ehtiyac duyduqları sosial xidmətlərlə təmin edir. Agentlik ölkənin bütün regionlarını əhatə edən filial və sosial xidmət müəssisələri vasitəsilə müxtəlif sosial qruplara aid vətəndaşlara stasionar, yarımstasionar və səyyar formada sosial xidmətlər göstərir.

Son 6 ildə qurum tərəfindən həssas əhali qruplarından olan şəxslərə 600 mindən çox xidmət (evdə sosial xidmət, mənzil və avtomobillə, sanatoriya-kurort göndərişləri ilə təminat, övladlığagötürmə, himayədar ailə, repatriasiya və s.) göstərilib. Qeyd edilən dövrdə 20 minə yaxın şəxs evlərində, 8 mindən çox şəxs Agentliyin müəssisələrində sosial xidmətlərlə əhatə olunub. Bununla yanaşı, Agentliyin sifarişi ilə həyata keçirilən layihələr çərçivəsində fəaliyyət göstərən günərzi qayğı, sosial reabilitasiya və məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərində 40 minə yaxın şəxs müxtəlif sosial xidmətlərdən yararlanıb. Regionlarda yaradılmış 158 günərzi qayğı və 130-dan çox sosial reabilitasiya mərkəzində isə həssas kateqoriyaya aid 18 minədək uşağın idrak, emosional və fiziki inkişafının dəstəklənməsi, həmçinin ilkin oxu və yazı bacarıqlarının formalaşdırılması istiqamətində ardıcıl iş aparılıb. Ötən illər ərzində Agentliyin fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Qurum müxtəlif beynəlxalq mükafatlara layiq görülüb, üç istiqamət üzrə ISO sertifikatları əldə edib. Eyni zamanda Agentliyin hazırladığı bir sıra rəqəmsal həllər və mobil tətbiqlər milli mükafatlarla təltif olunub.