30 iyun 2026 10:11
107

BDU-nun dosenti Məti Bayramlı Qazaxıstan Prezidenti tərəfindən təltif edilib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, ədəbiyyatşünas alim Məti Bayramlıya təşəkkürnamə məktubu göndərib. “İki sahil” xəbər verir ki, məktubu və qızıl xatirə nişanını Qazaxıstan Respublikasının Prezidentinin müşaviri Malik Otarbayev təqdim edib.

Məktubda BDU-nun dosenti Məti Bayramlının uzun illər ədəbiyyatşünaslığın aktual məsələlərini dərindən araşdıran görkəmli alim kimi tanındığı vurğulanıb. Qazaxıstan Respublikasının Prezidenti Məti Bayramlının Azərbaycan və türk xalqlarının bədii söz sənətinin varisliyini hərtərəfli təhlil edərək qazax şair və yazıçılarının yaradıcılığının təbliğ olunmasına mühüm töhfələr verdiyini qeyd edib: “Qardaş ölkələrin mənəvi və mədəni əlaqələrinin möhkəmləndirilməsi yolundakı səmərəli əməyinizə görə təşəkkürümü bildirirəm”.