30 iyun 2026 12:11
95

FHN Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin yanğın təhlükəsizliyini diqqətdə saxlayır

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

“İki sahil” xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Cəlilabad, Tərtər, Yevlax, Şəmkir, Bərdə, Goranboy, Ucar, Ağcabədi, Beyləqan, Ağdam, Tovuz rayonlarında maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə qeyd olunan rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, bələdiyyə sədrləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı mərkəzlərinin və “Aqroservis” ASC-nin nümayəndələri, yerli saibkarlar iştirak ediblər.

Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah olunub, yerli idarəetmə orqanları tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.