30 iyun 2026 13:03
115

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində yeni şöbə yaradılacaq

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində Məhkəmə antropologiyası şöbəsinin yaradılması nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənov Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Dövlət Komissiyasının rəhbərliyi ilə birliyin ekspertləri Qarabağın müxtəlif bölgələrinə ezam olunurlar. Onlar sümüklərin qalıqlarının müəyyən edilməsində, onların ekskavasiyası və ekshumasiyasında, ərazidən sistemli şəkildə yığılması və anatomik qaydada komplektləşdirilməsində, xüsusi qutulara qablaşdırılaraq Bakı şəhərinə, şöbə və laboratoriyalara çatdırılmasında bilavasitə iştirak edirlər: "Bu işlərin həyata keçirilməsi məqsədilə Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi üçün xüsusi yer ayrılıb. Bütün zəruri avadanlıqlar və optimal şəraitlə təchiz edilmək şərtilə birliyin ikinci Məhkəmə-kriminalistika şöbəsi yaradılıb. Birliyin bu şöbəsinin bazasında isə yaxın vaxtlarda beynəlxalq praktikaya müvafiq olaraq, yeni Məhkəmə antropologiyası şöbəsinin yaradılması da planlaşdırılır",- deyə o qeyd edib.