Ekspert: Havanın temperaturunun yüksəlməsi mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaradır və qida zəhərlənmələrinin artmasının əsas səbəblərindən biridir
Yay mövsümü insanların qidalanma vərdişlərini dəyişdirən dövrlərdən biridir. İsti havalarda daha çox açıq havada vaxt keçirmək, piknik və istirahət səfərlərinin artması, küçə qidalarına marağın yüksəlməsi, eyni zamanda, meyvə-tərəvəz istehlakının çoxalması gündəlik qida rasionunda fərqli mənzərə yaradır. Lakin temperaturun yüksəlməsi yalnız insanların həyat tərzinə deyil, qidaların təhlükəsizliyinə də birbaşa təsir göstərir. Yay aylarında düzgün saxlanılmayan və gigiyenik qaydalara uyğun hazırlanmayan məhsullar qısa müddətdə sağlamlıq üçün ciddi risk mənbəyinə çevrilə bilir.
Statistik məlumatlar da göstərir ki, qida mənşəli zəhərlənmələrin böyük hissəsi məhz isti mövsümdə qeydə alınır. Bunun əsas səbəblərindən biri yüksək temperaturun bakteriya və digər zərərli mikroorqanizmlərin çoxalmasını sürətləndirməsidir. Bir neçə saat ərzində soyuducudan kənarda qalan qidalar görünüşündə, dadında və qoxusunda heç bir dəyişiklik olmasa belə, təhlükəli mikrobların sürətlə artması üçün əlverişli mühitə çevrilə bilər. Bu isə xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan insanlar üçün daha ciddi fəsadlar yarada bilər.

Mütəxəssislər bildirirlər ki, yay aylarında təhlükə təkcə küçədə satılan və ya açıq havada hazırlanan qidalardan ibarət deyil. Ev şəraitində hazırlanan yeməklər də düzgün saxlanılmadıqda, soyuq zəncir pozulduqda və ya çiy məhsullarla hazır qidalar təmasda olduqda zəhərlənmə riski yaradır. Buna görə də təhlükəsiz qidalanma yalnız keyfiyyətli məhsul seçmək deyil, eyni zamanda, həmin məhsulun daşınması, saxlanılması, hazırlanması və təqdim edilməsi mərhələlərinin hər birində gigiyena qaydalarına ciddi əməl edilməsini tələb edir.
Bəs yay mövsümündə hansı qidalar daha yüksək risk daşıyır? Alış-veriş zamanı hansı məqamlara diqqət yetirilməlidir? Pikniklərdə və açıq havada hazırlanan yeməklər zamanı hansı səhvlər qida zəhərlənməsinə səbəb ola bilər? Evdə qidaları təhlükəsiz şəkildə saxlamaq üçün hansı qaydalara əməl etmək vacibdir?
İsti hava şəraitində görünməyən təhlükələr artır

Sağlam qida təbliğatçısı Asim Vəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yay aylarında havanın temperaturunun yüksək olması mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaradır. Məhz buna görə də bu mövsümdə qida zəhərlənmələri daha çox baş verir.
Bu mövsümdə ən riskli qidalar yüksək zülal və rütubət tərkibli, tez xarab olan və bişirilmədən istehlak edilən məhsullardır. Bunlara ət və quş əti, balıq, süd və süd məhsulları, kremli şirniyyatlar, mayonezli salatlar, eləcə də çiy tərəvəzlər daxildir. Bu məhsullar lazımi temperatur şəraitində saxlanılmadıqda bakteriyalar sürətlə çoxalmağa başlayır.
Süd məhsulları bakteriyalar üçün əlverişli qida mühiti hesab olunur. Xüsusilə dondurmanın istehsalı, daşınması və saxlanılması zamanı soyuq zəncir pozulduqda, məhsul əriyib yenidən dondurularsa, mikroorqanizmlər sürətlə inkişaf edir. Belə hallarda əmələ gələn stafilokok toksinləri yüksək temperatura davamlı olduğundan, məhsul sonradan qaynadılsa belə toksinlər məhv olmur və qida zəhərlənməsinə səbəb ola bilir.
Yay mövsümündə pikniklər zamanı da ehtiyatlı olmaq vacibdir. Kabab və digər ət məhsulları çiy halda salmonella və kampilobakter kimi təhlükəli bakteriyaların daşıyıcısı ola bilər. Ət kifayət qədər bişirilmədikdə onun daxili hissəsindəki bakteriyalar canlı qalır və insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Mayonez tərkibli salatlar da yay aylarında xüsusi risk daşıyır. Bu məhsullar yüksək rütubətə və aşağı turşuluğa malik olduğundan otaq temperaturunda cəmi 1-2 saat qalması belə bakteriyaların sürətlə çoxalmasına səbəb olur.
Yay süfrələrinin əvəzolunmaz məhsulları olan qarpız və yemiş də düzgün istifadə edilmədikdə risk yarada bilər. Bu meyvələr torpaqla birbaşa təmasda yetişdiyi üçün qabıqlarının üzərində müxtəlif bakteriyalar ola bilər. Meyvə kəsilməzdən əvvəl qabıq yaxşı yuyulmadıqda, bıçaq vasitəsilə həmin bakteriyalar meyvənin iç hissəsinə keçir. Qarpızın sulu və şəkərlə zəngin mühiti isə isti havada bakteriyaların daha da sürətlə çoxalmasına şərait yaradır.
Kiçik ehtiyat tədbirləri böyük risklərin qarşısını alır

Ekspert onu da diqqətə çatdırdı ki, bütün bu risklərdən qorunmaq üçün qida təhlükəsizliyi qaydalarına əməl etmək lazımdır. Alış-veriş zamanı ət, süd məhsulları və dondurulmuş qidaların ən sonda götürülməsi tövsiyə olunur. Əks halda kassaya çatana qədər keçən müddətdə onların saxlanma temperaturu pozula bilər.
Qida məhsulları seçilərkən soyuducu vitrinlərin temperatur göstəricilərinə diqqət yetirmək vacibdir. Dondurulmuş məhsulların qablaşdırmasının üzərində buz kristallarının olması onların əvvəl əriyib yenidən dondurulduğunu göstərən əsas əlamətlərdən biridir. Belə məhsulları almaq məsləhət görülmür.
Bişmiş qidalar otaq temperaturunda iki saatdan artıq saxlanılmamalı, vaxtında soyuducuya yerləşdirilməlidir. Bundan əlavə, çiy ət doğranan lövhə və bıçaq bişirilmədən istehlak ediləcək tərəvəz, çörək və digər hazır qidalar üçün istifadə olunmamalıdır. Əks halda çarpaz çirklənmə baş verir və bakteriyalar bir qidadan digərinə keçir. Soyuducuda da çiy ətin suyu digər qidaların üzərinə damcılamayacaq şəkildə saxlanılmasına diqqət yetirilməlidir.
Nigar Orucova, "İki sahil"
ABŞ İranı İsrail tərəfindən rəsmi şəxslərə qarşı mümkün sui-qəsdlərlə bağlı xəbərdar edib - "The Washington Post"
"Aeroflot" və "Belavia" Gürcüstan, İsrail və Türkmənistana vahid bilet satışına başladı
Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək böyük qürur və məsuliyyətdir - MÜSAHİBƏ