Beynəlxalq Nəqliyyat Forumu (BNF) nəqliyyat infrastrukturuna investisiya yatırılması ilə bağlı 32 ölkə arasında araşdırma aparıb və Statistik Məlumat Bülleteni dərc edib. Hesabata əsasən, Azərbaycan bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payına görə birinci yerdə qərarlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2022-2024-cü illər üzrə Azərbaycanın daxili nəqliyyat infrastrukturuna investisiyaları ÜDM-in orta hesabla 3,5 faizini təşkil edib. Azərbaycan, Çin, Şimali Makedoniya, Serbiya kimi ölkələr ÜDM-in 2 faizdən çoxunu nəqliyyat infrastrukturuna yönəldərək beynəlxalq standartlara uyğun nəqliyyat şəbəkələrinin qurulması və genişləndirilməsi mərhələsindədir.
Hesabatda Azərbaycanın uzunmüddətli investisiya dinamikası da müsbət qiymətləndirilib. Belə ki, 2012-2014-cü illərlə müqayisədə 2022-2024-cü illərdə nəqliyyat infrastrukturuna investisiyaların ÜDM-də payı 0,6 faiz artıb. Bu, Azərbaycanın son 10 ildə nəqliyyat infrastrukturuna yatırımları davamlı şəkildə artıran ölkələrdən biri olduğunu göstərir.
BNF son 10 ildə dəmir yolu infrastrukturuna yatırılan investisiyaların artımını da təhlil edib. Araşdırmaya görə, 32 ölkədən 20-sində dəmir yoluna ayrılan investisiyaların payı yüksəlib. Azərbaycanın bu sahədəki göstəricisi daha sabit dəyişir.
Araşdırmada vurğulanıb ki, inkişaf etmiş ölkələrin əksəriyyətində yeni nəqliyyat infrastrukturuna ehtiyac azaldığı üçün bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payı 1 faizdən aşağıdır. Bunun əksinə olaraq, Azərbaycan yüksək investisiya səviyyəsinə malikdir. Genişmiqyaslı nəqliyyat və logistika layihələri, müasir infrastrukturun qurulması təşəbbüsləri beynəlxalq statistik hesabatlarda da əksini tapır.
Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib