03 iyul 2026 17:09
87

Məcnun Məmmədov Lerikdə vətəndaşlarla görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 3-də Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Lerik, Lənkəran, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

“İki sahil” xəbər verir ki,  Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, əvvəlcə nazir Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini dərin hörmət və ehtiramla anıb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, torpaqların icarəyə verilməsi, kənd təsərrüfatı təyinatlı kreditin ayrılması, subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikaları ilə təmin olunma, suvarma və digər məsələlərlə bağlı olub.

Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşlarla görüş zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib. Dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyi vurğulanıb.