Müəllim elmi cəhətdən hazırlıqlı, daima öz üzərində çalışan, mütləq öz peşəsini və gəncləri sevən, onlara müasir cəmiyyətə inteqrasiya etməyi öyrədən biri olmalıdır
Dil bir xalqın yalnız ünsiyyət vasitəsi deyil, həm də onun tarixi yaddaşı, milli kimliyi və mənəvi sərvətidir. Bu sərvətin qorunması, öyrənilməsi və gələcək nəsillərə elmi əsaslarla ötürülməsi isə ömrünü elmə və təhsilə həsr etmiş alimlərin üzərinə düşən ən məsuliyyətli missiyalardan biridir. Azərbaycan dilçiliyinin inkişafında uzun illərdir ardıcıl elmi fəaliyyəti, pedaqoji təcrübəsi və dəyərli tədqiqatları ilə seçilən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professoru, filologiya elmləri doktoru Mirvari İsmayılova bu missiyanı böyük məsuliyyət və fədakarlıqla yerinə yetirən ziyalılardandır.
Onun elmi yaradıcılığı Azərbaycan dilinin müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı, akademik yazı, nitq mədəniyyəti, terminologiya, pedaqoji ünsiyyət və Türk dünyasının elmi əməkdaşlığı kimi aktual sahələri də əhatə edir. Eyni zamanda Türkoloji Mərkəzdə həyata keçirdiyi layihələr, "Mahmud Kaşğarlı" beynəlxalq elmi jurnalının baş redaktoru kimi fəaliyyəti və gənc tədqiqatçıların yetişdirilməsinə verdiyi töhfələr professor Mirvari İsmayılovanın çoxşaxəli elmi fəaliyyətinin mühüm istiqamətlərini təşkil edir.
Bu müsahibədə professor Mirvari İsmayılova həyat və elm yolundan, müəllimlik peşəsinin məsuliyyətindən, Azərbaycan dilçiliyinin bu günü və gələcəyindən, Türk dünyasında elmi inteqrasiyanın əhəmiyyətindən, həmçinin gənc alimlərə tövsiyələrindən bəhs edir. Söhbət boyu elmə sədaqətin, müəllim peşəsinə sevginin və ana dilinə bağlılığın uğurlu elmi fəaliyyətin əsas dayaqları olduğu bir daha aydın görünür.

- Həyat yolunuz və elmi fəaliyyətiniz haqqında nələri bölüşmək istərdiniz?
-Pedaqoji fəaliyyətə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Abşeron rayonu Məmmədli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi işləməklə başlamışam. 6 ilə kimi orta məktəbdə işlədiyim bu illəri həyatımın ən gözəl illəri, böyük həyat məktəbi hesab edirəm. Sonra AMEA-nın Nəsimi ad. Dilçilik İnstitunda əyani aspiranturaya daxil olmuş, vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmiş, daha sonra doktorluq dissertasiyasını müdafiə etmişəm. Demək olar ki, ciddi elmi fəaliyyətə bundan sonra başlamaq imkanı yaranır. Monoqrafiya, lüğət, dərslik, dərs vəsaiti və proqramların müəllifiyəm. Bu əsərlər ali məktəblərdə fənn proqramlarının tədrisində istifadə olunur. Eləcə də xaricdə Azərbaycan dilinin tədrisi üçün dərsliklərin yazılmasında iştirak etmişəm. Bu dərsliklərdə Azərbaycan dilinin fonetik, leksik və qrammatik qaydaları, Azərbaycan dilinin və xalqının mədəniyyəti, milli-mənəvi dəyərləri, adət ənənələriinin geniş şəkildə əks olunmasına xüsusi diqqət verilib.
-Dilçilik sahəsini seçməyinizə nə səbəb oldu?
-Dilçilik daha dəqiqlik tələb edən elm sahəsidir. Dilçilik tədqiqatları dil, ədəbiyyat, tarix, coğrafiya və daha bir çox digər elmlərin qarşılıqlı əlaqəsi nəticəsində tədqiqatlar tələb edir. Dilin qanunları, onun daxili quruluşu, tarixi, mənşəyi, eimologiyası, üslubi imkanları və bir çox istiqamətlər tədqiqatçı qarşısında geniş imkanlar açır. Azərbaycan dilinin qədimliyi, zənginliyi, ahəngdarlığı, zərifliyi bu dili sevməyi, onu qorumağı tələb edir, bu xüsusiyyətlər azərbaycanlı olaraq bir çoxları üçün dilçilik sahəsini cəlbedici edir. Azərbaycan dilinə olan sevgi ixtisasından, peşəsindən asılı olmayaraq bir çoxlarını dil üzrə mülahizələr söyləməyə, bəzən də yanlış qənaətlərə gətirib çıxarır. Zənnimizcə, bu məsələlərdə diqqətli olmaq, fikir söyləyərkən, sosial şəbəkələrdə informasiyalar verərkən ehtiyatlı olmaq, peşəkar mütəxəssis rəylərinə istinad etmək lazımdır.
-Müəllimlik və alimlik fəaliyyətinizdə sizə ən çox ilham verən nədir?
-Müəllimlik, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq məsuliyyətli və şərəfli peşədir. Vətənini, gənc nəsli sevən, onun gələcəyini düşünən şəxs pis müəllim ola bilməz. Sevgi isə onu məsuliyyətli olmağa vadar edir. Bu isə müəllimdən çətin işini şərəflə, sevgi ilə yerinə yetirməyi tələb edir. Sevgi isə onu məsuliyyətli olmağa vadar edir. Müasir dövrümüzdə müəllim nüfuzunun qorunması çox vacibdir.
Peşəkar müəllim daima arayır, axtarır, onu düşündürən suallara cavab tapmaq üçün tədqiqatlar aparır. Auditoriyada tələbələr, magistrantlarla ünsiyyətdə olmaq istər-istəməz araşdırmalar aparmağı tələb edir. Auditoriyanı və özünü düşündürən suallara cavab axtaran daha güclü tədqiqatçılıq keyfiyyətləri qazanır. Əslində müəllimlik öyrətməyi və tədqiqatçılığı özündə birləşdirir. Müəllimlik auditoriyada mühazirə demək və seminar məşğələləri aparmaqla bitmir. Peşə qayğıları daima müəllimlədir. Müəllim auditoriyadan kənarda, evdə, bəzən gecələr də işləyir, hər zaman düşünür, axtarış aparır. Bizi başqalarından fərqləndirən də budur. Heç kim iş qayğılarını özü ilə evə aparmır, iş saatı bitir və o, azaddır. Müəllimin isə peşə qayğıları daima onunladır. Bir çox ali məktəb müəllimləri bayramlarda, məzuniyyətdə də işləyirlər, buna dəyər verilməlidir.

-Elmi fəaliyyətinizdə dönüş nöqtəsi hesab etdiyiniz hadisə hansı olub?
-Elmi fəaliyyətdə dönüş nöqtəsi yəqin ki, doktorluq dissertasiyasının müdafiəsindən sonra başlanır. Əvvəla bütün “buxovlardan” bir növ azad olur, daha sərbəst düşünməyə, söz deməyə imkan qazanılır. Bu zaman elmi ad, status daha böyük məsuliyyət tələb edir.
-Uzun illər ərzində qazandığınız təcrübə sizə hansı həyati dərsləri öyrədib?
-Heç nəyin fərqinə varmadan pedaqoji və elmi fəaliyyətlə məşğul olmaq.
-Müasir Azərbaycan dili sahəsində hansı tədqiqatlarınızı xüsusi əhəmiyyətli hesab edirsiniz?
-Ali məktəblərin bakalavriat və magistratura pilləsində filologiya və bütün ixtisas fakültələrində tədris olunan “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi, 2 cilldə; “Azərbaycan dilində rəsmi-işgüzar və akademik kommunikasiyanın funksional səciyyəsi” monoqrafiyası; “Akademik yazı və etika” və “Pedaqoji ünsiyyət” dərs vəsaitləri; “Terminşünaslığın əsasları” monoqrafiyası və s. hal-hazırda ali məktəb auditoriyalarında istifadə olunur.
-Türkoloji Mərkəzdəki fəaliyyətinizin əsas məqsədi nədir?
-Türkoloji Mərkəz ADPU-nun Beynəlxalq əlaqələr prorektorluğunun nəzdində, prorektor, f.e.d., professor Mahirə xanım Hüseynovanın təşəbbüsü ilə yaranıb. Müasir dövrün tələbi kimi Türk dünyasına inteqrasiyada yaxından iştirak etmək, türk xalqlarının dili, ədəbiyyatı, tarixi, etimologiyası, mədəniyyət, incənəti və s. haqqında elmi tədqiqatlar, türk respublikaları ali məktəbləri ilə akademik mübadilə, tələbə və magistrantların beynəlxalq elmi konfranslarda iştirakını təmin etmək, ustad dərsləri keçmək, beynəlxalq elmi konfranslar və seminarların təşkili və s. Mərkəzin Türk dilləri şöbəsində rəhbərliyimiz ilə bir çox layihələr həyata keçirilir. Məsələn, 6 dildə (Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən dillərində “Danışıq lüğəti” və s. Türkoloji mərkəzin nəzdində “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının dərc olunması, zənnimizcə, ən böyük uğurumuzdur və türk elmi mühitində kifayət qədər nüfuz qazanmışdır.

-“Mahmud Kaşğarlı" beynəlxalq elmi jurnalının təsis edilməsi ideyası necə yarandı?
-Mərkəzin təşkili, missiyası bunu tələb edirdi. Türkoloji mərkəzin nəzdində “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının dərc olunması təklifi də Mahirə xanım Hüseynova tərəfindən irəli sürülüb. Bu təklif bir çox mərhələrdən gərgin əmək nəticəsində həyata keçirilib. Mahmud Kaşğarlının “Divani-lüğət-it türk əsəri möhtəşəm bir türk ensiklopediyasıdır, özündə türk xalqlarının dialektləri, tarixi, coğrafiyası, həyatı, məişəti, adət-ənənələri. etnoqrafiyası və s. və i.a. məsələləri əks etdirir. Fikirləşdik ki, bizim jurnal da bu böyük alimin adını daşıdığı üçün, Mahmud Kaşğarlının varisi kimi türkologiyanın, türk xalqlarının həyatının, dilinin, ədəbiyyatının, tarix, etnoqrafiya, etimologiya, mədəniyyət, incəsənət, memarlıq və bir çox sahələrini əhatə edən elmi məqalələri dərc etsin. Bizim jurnalın özəlliyi də bundadır. Bir çox elmi sahələr üzrə tədqiqatları birləşdirmək. Zənnimizcə, hələ ki, ikinci belə jurnal yoxdur. Hal-hazırda dünyanın bir çox ölkələrinin nüfuzlu dilçiləri, tarixçi, etimoloq, etnoqraf. arxeoloq alimləri “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvüdür. Jurnalımızda türkoloji istiqamətdə dərc olunan elmi məqalələr ciddi şəkildə nəzərdən keçirilir, mütəxəssis rəyləri nəzərə alınır.

-Baş redaktor kimi elmi məqalələrdə ilk növbədə hansı xüsusiyyətlərə diqqət yetirirsiniz?
-Türk xalqlarının dili, tarixi haqqında bir çox tarixi həqiqətlər qədim çin mənbələrində, Vatikan, Drezden, Peterburq kitabxanalarında saxlanılır. Bizim jurnalda bu mənbələrdə işləyən nüfuzlu alimlərin, türk xalqlarının milli, maddi-mənəvi dəyərləri, Azərbaycan muğamı, yazısı, xalçaları, tarixi abidələri və s. haqqında ciddi elmi məqalələr dərc olunub. Türkoloji araşdırmalar elmi cəhətdən təkmil, beynəlxalq elmi standartlara cavab verən tələblərə uyğun, orijinal olmalıdır.
-Sizcə, yaxşı müəllimi fərqləndirən əsas keyfiyyətlər hansılardır?
-Müəllim elmi cəhətdən hazırlıqlı, daima öz üzərində çalışan, mütləq öz peşəsini və gəncləri sevən, onlara müasir cəmiyyətə inteqrasiya etməyi öyrədən biri olmalıdır.
-Tələbələrinizlə münasibətlərinizdə hansı prinsiplərə üstünlük verirsiniz?
-Tələbkarlıq, qarşılıqlı hörmət, ədalətli olmaq.
-Gənc tədqiqatçılar ən çox hansı səhvlərə yol verirlər?
-Buna səhv yox, təcrübəsizlik demək daha düzgün olardı. Bu isə iş prosesində elmi rəhbərin səbri və qayğısı sayəsində qaldırılılır.
-Azərbaycan dilçiliyinin gələcəyini necə görürsünüz?
-Müasir dövrümüzdə Azərbaycan dilçiliyi sahəsində ciddi elmi tədqiqatlar aparılır. İstisnalar olmaqla, dilimizi, onun həqiqi tarixini əks etdirən elmi tədqiqat işləri xeyli artıb, gənclərimiz bu məsələlərdə daha böyük həssaslıq göstərirlər.
-Türk dünyasının elmi əməkdaşlığının cəmiyyətdə inkişafı üçün hansı addımlar vacibdir?
-Türk dünyasına inteqrasiya günün prioritet məsələdir, bu dövlət siyasətinin tərkib hissəsi kimi aktualdır. Zənnimcə, türk respublikalarında, bizim Türkoloji mərkəzdə bu istiqamətdə diqqətçəkən işlər görülür. Bu sahədə real nəticələr əldə etmək üçün dövlət dəstəyi vacibdir və bu istiqamətdə işlər də görülür.
-İndiyədək əldə etdiyiniz uğurlar arasında Sizi ən çox qürurlandıran hansıdır?
-Bir az qeyri-təvazökar cavab tələb edən sualdır. Müəllimlik fəaliyyətim, peşəkar mütəxəssis yetişdirmək bacarığı, həyata keçirdiyimiz layihələr, “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnalının dərcində əldə etdiyimiz uğurlar.
-Elmi fəaliyyətlə şəxsi həyat arasında tarazlığı necə qoruyursunuz?
- Sevgi və fədakarlıq sayəsində.

-Gənc alim və müəllimlərə ən vacib tövsiyəniz nə olardı?
-Əgər bu peşəni sevirsənsə, elmə marağın varsa, bunu həyatının mənası olaraq qəbul edə bilirsənsə, bu sahəyə gəl, yoxsa, faydalı ola biləcəyin, yüksələ biləcəyin başqa bir sahəni seç.
-Gələcək üçün həyata keçirmək istədiyiniz elmi layihələr və hədəflər hansılardır?
-Hal-hazırda ciddi layihələr üzərində çalışırıq, həyata keçiriləndən sonra bu barədə danışarıq.
-Müəllimlik sizin üçün nə ifadə edir? Yaxşı müəllim necə olmalıdır?
-Hər şeyə rəğmən, xalqın milli-mənəvi dəyərlərini qoruyan, yüksək ixtisaslı, peşəkar mütəxəssis yetişdirən, Vətənini, xalqını, gəncliyi sevən fədakar peşə sahibləri.
-Sonda, sizi bir alim və müəllim kimi xarakterizə edən üç sözü desəniz, bunlar hansı sözlər olardı?
-Elmi-pedaqoji fəaliyyət, elmi əsərlər, dərsliklər və tələbələrin sevgisi.
Səmimi söhbətə, dəyərli fikirlərinə və zəngin elmi-pedaqoji təcrübəsini oxucularımızla bölüşdüyünə görə professor *Mirvari İsmayılovaya* dərin təşəkkürümüzü bildiririk.
İnanırıq ki, bu müsahibə yalnız filoloqlar və müəllimlər üçün deyil, elmə, ana dilinə və milli-mənəvi dəyərlərə həssas yanaşan hər bir oxucu üçün faydalı olacaq. Professor Mirvari İsmayılovanın elmi fəaliyyəti və müəllimlik prinsipləri gənc tədqiqatçılar üçün nümunə olmaqla yanaşı, Azərbaycan dilinin inkişafı və Türk dünyasının elmi əməkdaşlığının möhkəmlənməsi istiqamətində görülən işlərin əhəmiyyətini də bir daha nümayiş etdirir.
Professorumuza möhkəm cansağlığı, yeni elmi nailiyyətlər, uğurlu layihələr və Azərbaycan elminə xidmət yolunda davamlı müvəffəqiyyətlər arzulayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”