06 iyul 2026 11:14
106

Kubalı fermerlər yanacaq qıtlığı səbəbindən torpaqlarını kütləvi şəkildə satırlar

ABŞ-ın tətbiq etdiyi yanacaq blokadası adada kənd təsərrüfatı texnikasının işini tamamilə iflic edib və məhsulun tarlalarda tələf olmasına yol açıb

Kubadakı fermerlər öz kənd təsərrüfatı torpaqlarını kütləvi şəkildə dəyər-dəyməzinə satışa çıxarmağa başlayıblar.

“İki sahil” xəbər verir ki,  "Financial Times" (FT) qəzetinin məlumatına görə, buna səbəb ABŞ-ın tətbiq etdiyi ciddi yanacaq blokadası nəticəsində ölkədə yaranan kəskin yanacaq qıtlığı və torpaqlarda işləməyin qeyri-mümkün olmasıdır.

FT Kubanın mərkəzində yerləşən iri kənd təsərrüfatı rayonlarının birində 7.5 hektarlıq sahəni becərən yerli fermerlərdən birinin sözlərini sitat gətirir. Hazırda o, öz sahəsini ilkin olaraq qoyduğu 9.5 min dollardan 8 min dollara qədər endirərək təcili satır.

Yanacaq olmadan təkcə tarlaların şumlanması, əkilməsi, məhsulun yığılması üçün texnikadan və suvarma sistemlərindən istifadə etmək deyil, həm də hazır məhsulu istehlakçılara çatdırmaq qeyri-mümkün hala gəlib. Nəticədə əkinlərin bir hissəsi quruyub, yığılan məhsul isə daşınma imkanı olmadığı üçün tarlalarda çürüyür. Nəşr yazır ki, bəzi fermerlər əl əməyi ilə yığdıqları az sayda məhsulu restoranlara satmağa çalışırlar, lakin restoranların təklif etdiyi məbləğ minimal xərcləri belə ödəmir.

FT xatırladır ki, ilin əvvəlindən bəri davam edən enerji blokadası səbəbindən Kubaya cəmi iki neft tankeri çata bilib:

Yanvar ayında Meksika adaya təxminən 85 min barel neft çatdırıb, martın sonunda isə Rusiya tankeri ölkəyə 700–730 min barel xam neft gətirib.

Lakin bu ehtiyatlardan istehsal olunan yanacaq artıq çoxdan tükənib və ölkənin kənd təsərrüfatı sektoru hazırda dərin böhran içindədir.