06 iyul 2026 14:01
107

"Politico": Avropa İttifaqı ilə Kreml arasında birbaşa təmas cəmi 5 dəqiqə çəkib

Avropa İttifaqı Şurası rəhbərinin aparat rəhbərinin Kremllə apardığı qısa telefon danışıqlarının təfərrüatı bəlli olub.

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koştanın aparat rəhbəri Pedro Lurtinin Rusiya rəsmiləri ilə həyata keçirdiyi birbaşa təmaslar ümumilikdə təxminən beş dəqiqə davam edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Politico" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, P. Lurti Aİ Şurasının rəhbəri Antoniu Koştanın birbaşa göstərişi ilə Rusiyanın Prezidentinin köməkçisi Yuri Uşakova iki dəfə telefonla zəng edib. Qeyd olunur ki, Brüssel ilə Moskva arasında Ukraynada xüsusi hərbi əməliyyatların başlamasından bəri ilk birbaşa təmas məhz iyunun ortalarında baş tutub.

Materialda vurğulanır ki, tərəflər arasında reallaşan birinci telefon danışığı təxminən beş dəqiqə çəkib, ikinci zəng isə 30 saniyədən çox davam etməyib.

"Politico" qəzeti daha əvvəl yazmışdı ki, Rusiya ilə danışıqların aparılması məsələsi Avropa İttifaqı liderlərini iki cəbhəyə bölüb: Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Federal Kansleri Fridrix Merts bu ideyaya kəskin şəkildə qarşı çıxıblar. Bir çox digər Avropa liderləri isə Aİ Şurasının sədri Antoniu Koştanın bu diplomatik təşəbbüsünü dəstəkləyiblər.

"Bloomberg" agentliyinin məlumatına görə, A. Koşta Ukrayna münaqişəsinin nizamlanması istiqamətində Rusiya Prezidenti Vladimir Putinlə dialoqun başlanması imkanlarını araşdırmaq üçün Kreml ilə əlaqə yaradıb. Mayın sonunda mətbuatda yayılan məlumatlarda isə Avropanın Rusiya ilə gələcək potensial danışıqlarında vasitəçi qismində Antoniu Koşta ilə yanaşı, Avropa Komissiyasının sabiq sədri Jan-Klod Yunker və Finlandiyanın keçmiş prezidenti Sauli Niinistönün çıxış edə biləcəyi vurğulanırdı.

Mövzu barədə danışan Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin isə bildirib ki, Moskva üçün Avropadan rəsmi danışıqlar aparacaq şəxs qismində Rusiyaya qarşı "nalayiq ifadələr işlətməyən və qeyri-etik addımlar atmayan" istənilən vasitəçi qəbul ediləndir.