Yeni araşdırmanın nəticələrinə görə, dünya əhalisinin üçdəbirinə qədərinin gözün torlu qişasını (retinanı) zədələyə və daimi görmə itkisinə səbəb ola bilən pişik mənşəli parazitə yoluxmuş ola biləcəyi ehtimal edilir.
Tədqiqatçılar bildirirlər ki, toksoplazmoz xəstəliyi qarşısı alına və müalicə oluna bilsə də, bu xəstəliyin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən rəsmi olaraq diqqətdən kənarda qalan tropik xəstəliklər (Neglected Tropical Diseases- NTD) siyahısına daxil edilməsi vacibdir.
“PLOS Neglected Tropical Diseases” elmi jurnalında dərc olunan araşdırmanın müəlliflərindən biri, Avstraliyadakı Flinders Universitetinin oftalmoloqu, həkim Castin Smit bildirib ki, toksoplazmoz dünyada göz infeksiyalarının əsas səbəblərindən biri və görmə itkisinə gətirib çıxaran mühüm xəstəlik olsa da, qlobal səhiyyə gündəmində lazımi diqqət görmür. Onun sözlərinə görə, ÜST xəstəliyi rəsmi şəkildə tanıyacağı təqdirdə infeksiyanın qarşısının alınması və idarə olunması istiqamətində mühüm irəliləyiş əldə etmək mümkün olacaq. Mütəxəssis qeyd edib ki, insanlar bu parazitə kifayət qədər bişirilməmiş ət, çirkli tərəvəz və ya suyun qəbulu, eləcə də pişik nəcisi ilə təmas nəticəsində yoluxa bilirlər. Pişiklər isə çiy ət, quş və ya gəmiricilərlə qidalandıqda parazitə yoluxurlar.
Alimlərin fikrincə, xəstəliyin yayılmasının qarşısını almaq üçün baytarlıq tədbirlərinin gücləndirilməsi, təsərrüfatlarda biotəhlükəsizlik qaydalarının təkmilləşdirilməsi, sahibsiz pişiklərin sayına nəzarət edilməsi və heyvan tullantılarının təhlükəsiz şəkildə zərərsizləşdirilməsi vacibdir. Araşdırmada, həmçinin qeyd olunur ki, toksoplazmoz daha çox səhiyyə xidmətlərinə, təhlükəsiz qidaya, təmiz suya və qadınların hamiləlik dövründə tibbi xidmətlərə çıxışın məhdud olduğu icmalarda yayılıb. Mütəxəssislərin sözlərinə görə, ağır hallarda parazit torlu qişanın iltihabına səbəb olaraq daimi görmə itkisi ilə nəticələnə bilər.
Tədqiqatın digər müəlliflərindən Joao Furtado bildirib ki, toksoplazmoz çox vaxt qaçılmaz xəstəlik kimi qəbul edilir. Halbuki onun yoluxma yolları məlumdur və xəstəliyin qarşısını almaq, eləcə də ona nəzarət etmək mümkündür. O, vurğulayıb ki, qida təhlükəsizliyinin gücləndirilməsi, təmiz su və sanitariya şəraitinin yaxşılaşdırılması, həmçinin hamilə qadınların tibbi nəzarətə çıxışının artırılması kimi ictimai səhiyyə tədbirləri xəstəliyin yaratdığı riskləri əhəmiyyətli dərəcədə azalda bilər.
Araşdırmaın müəllifləri bildirirlər ki, toksoplazmozun yaratdığı yükə baxmayaraq, bu xəstəlik oxşar və ya daha az təsirə malik bəzi xəstəliklərlə müqayisədə daha az maliyyə dəstəyi və siyasi diqqət toplayır. Onların fikrincə, ÜST-ün toksoplazmozu diqqətdən kənarda qalan tropik xəstəlik kimi rəsmi şəkildə tanıması araşdırmaların, profilaktik tədbirlərin və müalicə proqramlarının maliyyələşdirilməsi üçün yeni imkanlar yaradacaq.
Alimlər xəbərdarlıq edirlər ki, bu tanınma olmadan toksoplazmozun qarşısının alınması və idarə olunması istiqamətində əldə ediləcək irəliləyiş məhdud olacaq. Onlar hesab edirlər ki, xəstəliklə effektiv mübarizə yalnız müxtəlif sahələrin birgə fəaliyyəti nəticəsində mümkündür. Alimlərin fikrincə, ÜST-ün bu addımı toksoplazmozu insan sağlamlığı, baytarlıq, kənd təsərrüfatı və ətraf mühit sahələrinin birgə əməkdaşlığını nəzərdə tutan “Vahid Sağlamlıq (One Health)” yanaşmasının mühüm tərkib hissəsinə çevirə bilər.
Həkim Castin Smit vurğulayıb ki, bu çağırış toksoplazmozun dünya miqyasında yaratdığı ciddi sağlamlıq yükünün nəhayət, lazımi səviyyədə qiymətləndirilməsi məqsədi daşıyır. Onun fikirlərinə əsasən, belə bir yanaşma ölkələrə toksoplazmozun profilaktikasını ana və uşaq sağlamlığı proqramlarına, qida təhlükəsizliyi sistemlərinə və ilkin səhiyyə xidmətlərinə inteqrasiya etməyə imkan verəcək.
Şahnigar Əhmədova, “İki sahil”