08 iyul 2026 00:16
106

Rəqəmsal asılılıqdan kibertəzyiqə

Səbinə İzzətli: İnternet mühitində uşaqların inkişafını dəstəkləyən amillərlə yanaşı, kibertəzyiq, onlayn istismar cəhdləri kimi risklər də mövcuddur

Uşaqların internetdən istifadəsi son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Təhsil platformalarından sosial şəbəkələrə, onlayn oyunlardan süni intellekt əsaslı tətbiqlərə qədər rəqəmsal xidmətlər artıq azyaşlıların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bunun fonunda dünyanın müxtəlif ölkələrində uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi, platformaların məsuliyyətinin artırılması və yaşa uyğun istifadə qaydalarının sərtləşdirilməsi istiqamətində müzakirələr genişlənir. Texnologiyaların sürətli inkişafı uşaqların hüquq və təhlükəsizliyinin qorunması üçün yeni yanaşmaların formalaşdırılmasını zəruri edir. Mütəxəssislər uşaqların virtual aləmdə təhlükəsizliyinin təmin olunmasının artıq yalnız ailələrin deyil, dövlət qurumlarının, təhsil müəssisələrinin və rəqəmsal platformaların da birgə məsuliyyəti olduğunu vurğulayırlar.

Azərbaycan da bu məsələ ilə bağlı hüquqi tənzimləmələri gücləndirən ölkələr arasındadır. Belə ki, artıq azyaşlılar sosial media platformalarında özlərinə hesab yaratmağa çalışdıqda onlara yaş yoxlanılması mexanizminin tətbiq olunması nəzərdə tutulur. 16 yaşına çatmamış uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıran yeni qanunvericilik dəyişikliklərinin uşaqların həm psixoloji, həm də fiziki inkişafına dəstək olacağı gözlənilir.

Son illər kibertəzyiq, şəxsi məlumatların oğurlanması, zərərli və ya hər yaş qrupuna uyğun olmayan məzmunun yayılması, rəqəmsal asılılıq və oyun platformalarında naməlum şəxslərlə ünsiyyət kimi problemlər dünyanın bir çox ölkələrində ciddi narahatlıq doğurur. Xüsusilə onlayn oyun platformaları uşaqların ən çox vaxt keçirdikləri rəqəmsal məkanlardan birinə çevrilib. Bir çox oyunlarda istifadəçilərin səsli və yazılı söhbət imkanları, canlı ünsiyyət funksiyaları və oyun daxilində ödəniş sistemləri mövcuddur. Xatırladaq ki, kifayət qədər nəzarət olmadıqda azyaşlılar bu platformalarda kibertəzyiq, fırıldaqçılıq, şəxsi məlumatların ələ keçirilməsi və psixoloji manipulyasiya halları ilə qarşılaşa bilərlər.

Bundan başqa, sosial şəbəkələrdə yayılan təhlükəli çağırışlar, yaşa uyğun olmayan məzmun, dezinformasiyalar, saxta hesablar və müxtəlif manipulyasiya üsulları da uşaqlar üçün ciddi risklər yaradır. Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə saxta foto, video və səs yazılarının hazırlanmasının asanlaşması isə rəqəmsal təhlükələrin miqyasını daha da genişləndirir.

Media eksperti Səbinə İzzətli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, rəqəmsal mühit uşaqların inkişafına müsbət təsir göstərən, onlara geniş təhsil, ünsiyyət və informasiya imkanları yaradan mühüm platformadır. Lakin bu imkanlarla yanaşı, uşaqların qarşılaşa biləcəkləri ciddi risklər də mövcuddur. Bu risklər sırasında kibertəzyiq, zərərli məzmun, onlayn istismar cəhdləri və digər rəqəmsal təhlükələr xüsusi yer tutur. Bu reallığı nəzərə almamaq mümkün deyil: “Məhz buna görə də sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi tamamilə normal və əsaslandırılmış yanaşmadır. Dünya təcrübəsi də bunu təsdiqləyir. Artıq bir sıra ölkələrdə sosial platformalardan istifadə üçün minimum yaş həddi artırılıb və bəzi hallarda 16 yaşdan aşağı istifadəçilər üçün məhdudiyyətlər tətbiq olunur.

Hesab edirəm ki, bu məsələ Azərbaycan qanunvericiliyində də ciddi nəzarət altında saxlanılmalıdır. Bununla yanaşı, təkcə texniki məhdudiyyətlərin tətbiqi kifayət etmir. Bu prosesdə valideynlərin də rolu olduqca vacibdir. Valideynlər azyaşlı övladlarının internetdən və sosial şəbəkələrdən istifadəsinə nəzarət etməli, onların hansı məzmunu izlədiklərini və hansı platformalarda aktiv olduqlarını mütəmadi olaraq diqqətdə saxlamalıdırlar. Eyni zamanda, qanunvericilikdə uşaqların rəqəmsal mühitdə üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün effektiv hüquqi və texniki mexanizmlər nəzərdə tutulmalıdır. Bu baxımdan düşünürəm ki, sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi həm zəruri, həm də qaçılmaz addımdır və uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir".

Şahnigar Əhmədova, “İki sahil”