08 iyul 2026 10:15
76

"Kraudfandinq haqqında" Qanun layihəsi iqtisadiyyata hansı yeni imkanları qazandıracaq?

İqtisadçı: Bu sənəd sahibkarlar, investorlar və bütövlükdə iqtisadiyyat üçün yeni maliyyə ekosisteminin formalaşmasına xidmət edəcək

Yeni qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanda alternativ maliyyələşmə alətlərinin hüquqi bazasının formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri hesab olunur. Son illərdə ölkədə innovasiya ekosisteminin genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, sahibkarlığın təşviqi və investisiya mühitinin daha da təkmilləşdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu baxımdan "Kraudfandinq haqqında" Qanun layihəsi yalnız yeni maliyyələşmə mexanizminin hüquqi tənzimlənməsini deyil, eyni zamanda, iqtisadiyyatda kapitala çıxış imkanlarının genişləndirilməsini və investisiya alətlərinin şaxələndirilməsini hədəfləyən mühüm təşəbbüs kimi dəyərləndirilir.

Müasir iqtisadiyyatda kraudfandinq ənənəvi maliyyələşmə üsullarına alternativ mexanizm kimi geniş tətbiq olunur. Bu model vasitəsilə sahibkarlar, innovativ layihə müəllifləri və startaplar bank kreditlərindən və ya iri investorların maliyyəsindən asılı qalmadan çoxsaylı investorların vəsaitləri hesabına layihələrini maliyyələşdirmək imkanı əldə edirlər. Xüsusilə fəaliyyətinin ilkin mərhələsində olan şirkətlər üçün maliyyə resurslarına çıxışın məhdud olduğu şəraitdə kraudfandinq yeni biznes ideyalarının reallaşdırılmasına və innovativ təşəbbüslərin dəstəklənməsinə xidmət edən effektiv maliyyə alətlərindən biri hesab edilir.

Azərbaycanda da son illərdə startap ekosisteminin inkişafı, innovativ sahibkarlığın təşviqi və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bununla yanaşı, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılması aktual məsələlərdən biri olaraq qalır. Yeni qanun layihəsi məhz bu istiqamətdə hüquqi mexanizmlərin yaradılmasını, kraudfandinq platformalarının fəaliyyətinin tənzimlənməsini, investorlarla layihə müəllifləri arasında münasibətlərin hüquqi əsaslar üzərində qurulmasını və maliyyələşmə prosesində şəffaflığın təmin edilməsini nəzərdə tutur.

Qanun layihəsində səhm və borc əsaslı kraudfandinq mexanizmlərinin hüquqi əsaslarının müəyyənləşdirilməsi, platforma operatorlarının fəaliyyətinə dair tələblərin təsbit olunması, dövlət tənzimlənməsi və nəzarət mexanizmlərinin yaradılması bu sahədə fəaliyyətin daha etibarlı və sistemli şəkildə təşkilinə yönəlib. Eyni zamanda, investorların hüquqlarının müdafiəsinə, maliyyə əməliyyatlarında şəffaflığın artırılmasına, eləcə də qanunsuz maliyyə axınlarının qarşısının alınmasına dair müddəalar yeni maliyyələşmə modelinin etibarlılığını gücləndirməyə xidmət edir.

Qanunun dövlət investisiya siyasətini həyata keçirmək məqsədilə yaradılmış hüquqi şəxslərə şamil edilməməsi, Ələt Azad İqtisadi Zonasında isə bu münasibətlərin ayrıca qanunvericilik çərçivəsində tənzimlənməsi müxtəlif iqtisadi fəaliyyət sahələrinin xüsusiyyətlərinin nəzərə alındığını göstərir. Bununla yanaşı, qanunun dərc olunduğu gündən altı ay sonra qüvvəyə minməsi yeni tələblərin icrasına hazırlıq, normativ bazanın tamamlanması və bazar iştirakçılarının yeni qaydalara uyğun fəaliyyət göstərməsi üçün keçid dövrünün yaradılmasına imkan verəcək.

Bəs sözügedən qanun layihəsi Azərbaycanda alternativ maliyyələşmə mexanizmlərinin inkişafı, investisiya mühitinin genişlənməsi və startaplarla kiçik sahibkarlığın maliyyəyə çıxışı baxımından iqtisadiyyata hansı töhfələri verə bilər?

“Bank monopoliyası”nı zəiflədən addım

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, sözügedən qanun layihəsinin qəbul olunmasını Azərbaycanda maliyyə arxitekturasında fundamental yenilik kimi qiymətləndirmək olar Çünki uzun illər ölkədə maliyyələşmənin əsas yükü bank sektorunun üzərində olub. Yeni qanun isə alternativ maliyyə bazarlarını canlandırmaqla bu asılılığın azalmasına şərait yaradacaq. Nəticədə iqtisadiyyata, investisiya mühitinə, xüsusilə də sahibkarlığın inkişafına veriləcək töhfələr daha da artacaq.

Kraudfandinqin əsas mahiyyəti ondan ibarətdir ki, hər bir vətəndaş maliyyələşdirmə prosesinin iştirakçısına çevrilə bilir. Yəni, insanlar öz vəsaitlərini perspektivli biznes layihələrinə və ya startaplara yönəltmək imkanı əldə edirlər. Bu mexanizm həm sahibkarlar üçün yeni maliyyə mənbəyi yaradır, həm də vətəndaşların investisiya imkanlarını genişləndirir.

Girovsuz maliyyə əldə etmək mümkün olacaq

İqtisadçı qeyd etdi ki, yeni qanun layihəsinin ən mühüm üstünlüklərindən biri alternativ maliyyələşdirmə mənbəyi yaratmaqla girov asılılığını azaltmasıdır. İndiyədək banklardan kredit almaq istəyən sahibkarlar əksər hallarda yüksək dəyərə malik daşınmaz əmlakı girov qoymalı olurdular. Bu isə xüsusilə mikro və kiçik sahibkarların maliyyəyə çıxışını çətinləşdirirdi. Yeni modeldə isə aktivləri məhdud, lakin yüksək inkişaf potensialına malik bizneslərin maliyyə cəlb etmək imkanları genişlənəcək.

Digər mühüm məqam startap ekosisteminin və innovativ sahibkarlığın inkişafıdır. Bu gün sahibkarların qarşılaşdığı əsas problemlərdən biri ilkin kapitalın əldə edilməsidir. Xüsusilə girov təqdim etmək imkanı olmayan startaplar və yeni biznes təşəbbüsləri maliyyələşmə baxımından ciddi çətinliklərlə üzləşirlər. "Kraudfandinq haqqında" Qanun bu istiqamətdə hüquqi çərçivə formalaşdıraraq innovativ layihələrin maliyyələşdirilməsinə və yeni bizneslərin yaranmasına ciddi təkan verəcək.

“Yastıq altındakı” vəsaitlər iqtisadiyyata qayıdır

Eldəniz Əmirov vurğuladı ki, bu qanun investisiya mühitinin inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Sadə dillə desək, "yastıq altında qalan" və iqtisadi dövriyyədə iştirak etməyən vəsaitlərin real iqtisadiyyata yönəlməsinə imkan yaradacaq. Məsələn, bank depozitlərinin gəlirliliyini kifayət qədər cəlbedici hesab etməyən vətəndaşlar öz vəsaitlərini kraudfandinq platformaları vasitəsilə perspektivli layihələrə investisiya edə biləcəklər. Beləliklə, insanlar 500 və ya 1000 manat kimi nisbətən kiçik məbləğlərlə gələcəkdə uğur qazanmaq potensialı olan startapların maliyyələşdirilməsində iştirak edəcək, eyni zamanda, vəsaitlərini yeni investisiya aləti vasitəsilə iqtisadiyyata yönəldəcəklər.

Piramida risklərinə qarşı yeni sipər

İqtisadçı sonda diqqətə çatdırdı ki, digər mühüm üstünlüklərdən biri isə maliyyə təhlükəsizliyinin güclənməsidir. Ötən illərdə müxtəlif maliyyə piramidaları və qanunsuz investisiya sxemləri nəticəsində bir çox vətəndaş maddi zərərlə üzləşib. Yeni qanun bu kimi risklərin minimuma endirilməsinə də xidmət edir. Çünki kraudfandinq platformalarının operatorları Azərbaycan Mərkəzi Bankının nəzarəti altında fəaliyyət göstərəcək və onların fəaliyyəti müvafiq reyestr vasitəsilə tənzimlənəcək. Bu isə bazarda şəffaflığın artırılmasına, maliyyə fırıldaqçılığı və qanunsuz piramida sxemlərinin qarşısının alınmasına mühüm töhfə verəcək.

Nigar Orucova, "İki sahil"