07 iyul 2026 17:47
78

Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biri

Milli Məclisdə "Kraudfandinq haqqında" qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi Azərbaycanın maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. Qanun layihəsi ölkədə səhm və borc əsaslı kraudfandinq fəaliyyətinin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, bu sahədə dövlət tənzimlənməsi və investor hüquqlarının müdafiəsi üçün vahid hüquqi çərçivə formalaşdırmağı hədəfləyir.

Müasir dövrdə innovativ biznes ideyalarının reallaşdırılması üçün ən vacib məsələlərdən biri maliyyə resurslarına çıxışdır. Xüsusilə startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektləri fəaliyyətlərinin ilkin mərhələsində ənənəvi bank kreditlərinə və ya iri investorların maliyyə dəstəyinə çıxışda çətinliklərlə üzləşirlər. Kraudfandinq isə bu problemi həll edən müasir maliyyə alətlərindən biri kimi dünya təcrübəsində geniş tətbiq olunur. Bu model çoxsaylı investorların rəqəmsal platformalar vasitəsilə kiçik məbləğlərlə perspektivli layihələrə sərmayə qoymasına, həmçinin gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına imkan yaradır. Bu gün Azərbaycanın gəncləri informasiya texnologiyaları, süni intellekt, rəqəmsal xidmətlər, elektron ticarət, aqrar innovasiyalar və yaradıcı sənayelər kimi müxtəlif istiqamətlərdə yeni biznes ideyaları ilə çıxış edirlər. Lakin onların əksəriyyəti fəaliyyətin ilkin mərhələsində ən böyük maneə kimi maliyyə çatışmazlığı ilə üzləşir. Ənənəvi bank kreditləri əksər hallarda yeni fəaliyyətə başlayan gənclər üçün əlçatan olmur. Kraudfandinq isə bu maneələri qismən aradan qaldıraraq ideyanın ictimai dəstək hesabına maliyyələşdirilməsinə fürsət yaradır.
Bu model bazarın yeni məhsul və xidmətlərə münasibətini öyrənmək baxımından da vacibdir. Belə ki, gənc sahibkar ideyasını reallaşdırmaqla yanaşı, onun bazarda nə dərəcədə maraq doğurduğunu da qiymətləndirə biləcək.

Son illər ölkədə startap ekosisteminin inkişafı istiqamətində müxtəlif dövlət proqramları, inkubasiya mərkəzləri və innovasiya layihələri həyata keçirilir. Lakin bu təşəbbüslərin davamlı nəticə verməsi üçün maliyyələşmə imkanlarının genişləndirilməsi vacibdir. Kraudfandinq mexanizmi məhz bu ehtiyacı qarşılayan mühüm vasitələrdən biridir. 

Hətta universitetlərdə təhsil alan və ya məzun olmuş gənclər üçün də əlavə imkanlar yaranacaq. Elmi-tədqiqat nəticələrinin, tələbə startaplarının inkişafı və innovativ məhsulların bazara çıxarılması daha əlverişli maliyyə mühiti formalaşdıracaq. Bu isə elm, təhsil və biznes arasında əməkdaşlığın güclənməsinə, gənclərin yaradıcı potensialının iqtisadi dəyərə çevrilməsinə xidmət edəcək. Bu qanun həm də gənclərin maliyyə savadlılığının yüksəldilməsinə töhfə verəcək. Beləliklə, gənclərin təşəbbüskarlığı, innovativ düşüncənin inkişafına xidmət edən mühüm mexanizmdən söhbət gedir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı