08 iyul 2026 10:45
106

Audit müəssisələri maliyyə intizamının və korporativ idarəetmənin etibarlı dayağıdır

Səbuhi Gülməmmədov: Müstəqil audit şəffaflığı artırır, investor etimadını möhkəmləndirir və dayanıqlı iqtisadi inkişafı dəstəkləyir

İqtisadiyyatın davamlı inkişafı, investisiya mühitinin cəlbediciliyinin artırılması və korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi müasir dövrdə audit institutunun rolunu daha da ön plana çıxarır. Müstəqil audit maliyyə hesabatlarının etibarlılığını təmin etməklə yanaşı, müəssisələrdə hesabatlılıq, şəffaflıq və məsuliyyət prinsiplərinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov "İki sahil" qəzetinə müsahibəsində audit müəssisələrinin maliyyə intizamının gücləndirilməsi və korporativ idarəetmənin inkişafındakı strateji əhəmiyyətindən bəhs edib.

Səbuhi Gülməmmədov bildirib ki, audit müəssisələri iqtisadi münasibətlərdə etimadın formalaşdırılması, maliyyə intizamının təmin edilməsi və korporativ idarəetmənin inkişaf etdirilməsi baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, auditin funksiyası yalnız maliyyə hesabatlarının yoxlanılması ilə məhdudlaşmır, eyni zamanda müəssisələrdə sağlam idarəetmə mədəniyyətinin formalaşmasına da birbaşa təsir göstərir.

İcraçı direktor qeyd edib ki, audit müəssisələri maliyyə hesabatlarının etibarlılığı barədə müstəqil rəy verməklə maliyyə intizamının möhkəmləndirilməsinə mühüm töhfə verir. O vurğulayıb ki, auditor yetərli və münasib audit sübutları əsasında maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim olunması barədə müstəqil rəy formalaşdırır. Bu yanaşma investorların, kreditorların, dövlət qurumlarının və digər maraqlı tərəflərin təqdim olunan maliyyə məlumatlarına inamını artırır.

Səbuhi Gülməmmədov bildirib ki, audit daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, auditorlar müəssisələrin uçot və nəzarət mexanizmlərində mövcud olan zəif cəhətləri müəyyənləşdirir, risklərin idarə olunması istiqamətində tövsiyələr təqdim edir. Bu isə resurslardan daha səmərəli istifadə olunmasına, maliyyə pozuntularının qarşısının alınmasına və idarəetmənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.

İcraçı direktor vurğulayıb ki, audit müəssisələri saxtakarlıq risklərinin qiymətləndirilməsi, əhəmiyyətli təhriflərin aşkarlanması və daxili nəzarət mühitinin gücləndirilməsi vasitəsilə maliyyə pozuntularının qarşısının alınmasına da mühüm töhfə verir. Onun fikrincə, müntəzəm və müstəqil audit yoxlamalarının aparılması maliyyə intizamsızlığına qarşı effektiv çəkindirici mexanizm kimi çıxış edir.

Səbuhi Gülməmmədov qeyd edib ki, korporativ idarəetmə baxımından audit hesabatlılıq və məsuliyyət prinsiplərinin möhkəmləndirilməsində mühüm rol oynayır. O bildirib ki, müstəqil auditin nəticələri səhmdarlar, direktorlar şurası və icraedici rəhbərlik arasında məlumat asimmetriyasını azaldır, menecmentin fəaliyyətinin obyektiv qiymətləndirilməsinə imkan yaradır. Bunun nəticəsində mülkiyyətçilərlə menecment arasında maraqların toqquşmasından irəli gələn risklər minimuma enir, korporativ idarəetmənin səmərəliliyi yüksəlir, mülkiyyətçilərin hüquqları daha etibarlı qorunur və qərarların şəffaf əsaslarla qəbul edilməsi təmin olunur.

Müsahibədə vurğulanıb ki, audit müəssisələri maliyyə intizamının möhkəmləndirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investor etimadının artırılması və biznes mühitində şəffaflığın təmin olunması istiqamətində strateji əhəmiyyət daşıyır. Qeyd olunub ki, güclü audit institutu yalnız ayrı-ayrı müəssisələrin səmərəli fəaliyyətinə deyil, eyni zamanda ölkənin iqtisadi təhlükəsizliyinin, maliyyə sabitliyinin, investisiya cəlbediciliyinin və dayanıqlı inkişafının təmin edilməsinə mühüm töhfə verir.

Yaqut Ağaşahqızı, “İki sahil”