08 iyul 2026 11:06
83

ADY ilin ilk yarısında sərnişindaşımanı 18% artırıb

2026-cı ilin yanvar–iyun aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən 5 464 009 sərnişin daşınıb.

Bu barədə "İki sahil" ADY-ə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur. Belə ki, 2025-ci ilin yanvar–iyun aylarında dəmir yolu nəqliyyatından 4 648 441 sərnişin istifadə etmişdi.

Təkcə 2026-cı ilin iyun ayında ADY qatarları ilə 950 287 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 24% artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin iyun ayında daşınan sərnişinlərin sayı 766 715 nəfər təşkil edib.

Bundan əlavə, cari ilin ilk altı ayında Abşeron dairəvi dəmir yolu ilə 5,1 milyondan çox sərnişin səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Eyni zamanda, rayonlararası marşrutlar üzrə təxminən 289 min sərnişin daşınıb ki, bu seqmentdə də illik artım 17% təşkil edib.