08 iyul 2026 12:05
88

Danimarkanın Baş naziri: Qrenlandiyanın hər qarışını qoruyacağıq

Danimarkanın Baş naziri Mette Frederiksen ölkəsinin "Qrenlandiya da daxil olmaqla, öz ərazilərinin hər bir qarışını qorumağa tam hazır olduğunu" bəyan edib. Hökumət rəhbəri bu bəyanatla ABŞ Prezidenti Donald Trampın NATO sammitində Qrenlandiya üzərində nəzarəti əldə etmək barədə səsləndirdiyi iddialara cavab verib.

“İki sahil” xəbər verir ki, bu barədə Amerikanın "CNBC" telekanalı məlumat yayıb.

Baş nazir Danimarkanın qətiyyətli mövqeyini bu sözlərlə ifadə edib: "Bizim mövqeyimiz tamamilə aydındır və bütün bu müddət ərzində dəyişməz olaraq qalıb. Qrenlandiya, təbii ki, satılmır. Biz ümid edirik ki, hər kəs, o cümlədən müttəfiqlərimiz Qrenlandiya xalqının öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşacaq. Biz suveren bir dövlətik, hər kəs bizim ərazi bütövlüyümüzə və suverenliyimizə hörmət etməlidir".

Frederiksen Danimarkanın Qrenlandiya ərazisini hərbi yolla müdafiə etməyə hazır olduğunu vurğulayaraq Alyansın kollektiv müdafiə prinsipinə diqqət çəkib: "Bizim illər öncə NATO-nu yaratmağımızın əsas səbəblərindən biri də məhz budur — əgər bizdən birimizin başına bir iş gələrsə, hamı bir-birinin müdafiəsinə qalxacaq".