08 iyul 2026 14:44
83

Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Nazirlər İclası keçirilib

Bakıda “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində Nazirlər/Rəhbər Komitənin 12-ci iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Rumıniyanı Energetika Nazirliyinin dövlət katibi Kristian Buşoy, Macarıstanı isə İqtisadiyyat və Enerji Nazirliyinin dövlət katibi Andraş Tot təmsil ediblər. Tədbirdə, həmçinin Avropa İttifaqı, Bolqarıstan, İtaliyanın, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO), “CESI S.p.A.” şirkətinin, dörd ölkənin elektrik ötürücü sistem operatorlarının, eləcə də Dünya Bankı Qrupunun, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Asiya İnkişaf Bankının (AİB) nümayəndələri iştirak ediblər.

İclas zamanı “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər nəzərdən keçirilib. “CESI S.p.A.” şirkəti tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) yekun nəticələrinə dair təqdimatı dinlənilib. Təqdimatda bazar simulyasiyaları və xərc-fayda təhlili, enerji sisteminin inteqrasiyası, marşrut tədqiqatları, biznes modelinin qiymətləndirilməsi, eləcə də layihənin konseptual dizaynı, icra planı və satınalma strategiyası üzrə əldə edilmiş nəticələr diqqətə çatdırılıb. Həmçinin “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO)  layihənin icra vəziyyəti və texniki-iqtisadi əsaslandırma mərhələsindən sonrakı inkişaf istiqamətlərini əhatə edən hesabatı təqdim edilib. Layihənin maliyyələşdirilməsi məsələləri, eləcə də bərpa olunan enerji sahəsində regional inkişaflar nəzərdən keçirilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ölkələrimizin ortaq siyasi iradəsinin, strateji tərəfdaşlığının və qarşılıqlı etimadının bariz nümunəsidir. “Texniki-İqtisadi Əsaslandırmanın uğurla tamamlanması ilə layihəni planlaşdırma mərhələsindən inkişaf və icra mərhələsinə keçiririk. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq, ölkəmiz yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı sahəsində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin layihəyə dəstəyi isə bu təşəbbüsün Avropanın enerji təhlükəsizliyi və yaşıl enerji keçidi baxımından strateji əhəmiyyətinin yüksək siyasi səviyyədə qəbul edildiyini bir daha təsdiqləyir. Birgə səylərimiz nəticəsində bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, yaşıl enerji keçidinin sürətləndirilməsinə və regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək.”

Müzakirələrin nəticəsi olaraq texniki-iqtisadi əsaslandırma mərhələsinin başa çatdığı və layihənin rəsmi olaraq növbəti inkişaf mərhələsinə keçdiyi bəyan edilib. GECO şirkətinə Yekun İnvestisiya Qərarının qəbulunadək görüləcək tədbirləri əhatə edən ətraflı yol xəritəsinin hazırlanması tapşırılıb. Layihənin icrasının tənzimləyici əsaslarının gücləndirilməsi məqsədilə iştirakçı ölkələrin milli enerji tənzimləyici orqanları arasında əməkdaşlıq dialoqunun qurulması barədə razılıq əldə olunub.

Müzakirələrin yekununda iclasın nəticələrini əks etdirən Protokol, habelə Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanlanmış  “Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa İttifaqının Qarşılıqlı Maraq Kəsb edən Layihələr və Ümumi Maraq Kəsb edən Layihələr üzrə 3-cü siyahısına daxil edilməsi məqsədilə layihənin həyata keçirilməsinə dəstək və sadiqlik haqqında Birgə Məktub” imzalanıb.

Növbəti iclasın bu ilin noyabrında Rumıniyada keçirilməsinə qərar verilib.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb.