08 iyul 2026 23:10
84

NATO sammitində hərbi böhran: Trampın İranı vurmaq hədəsinə Tehrandan sərt cavab

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hərbi zərbələr endiriləcəyi barədə bəyanatına kəskin reaksiya verib.

“İki sahil” xəbər verir ki, diplomat Trampı sərt tənqid edərək rəsmi Vaşinqtonla güc dilində danışmağın zəruriliyini vurğulayıb.

Qəribabadi "X" sosial şəbəkəsindəki rəsmi hesabı vasitəsilə etdiyi paylaşımda Trampın təhdidlərini bir güc göstəricisi deyil, uğursuzluğun etirafı kimi qiymətləndirib: "Qatil Tramp ilə anladığı dildə danışmaq lazımdır; görünür, o, güc dilini daha yaxşı anlayır. Bu hədələr güc əlaməti deyil, illərdir davam edən təzyiq və sanksiyalara baxmayaraq, İranı diz çökdürə bilməyən siyasətin məğlubiyyət etirafıdır."

Qeyd edək ki, gərginliyin artmasına ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən 36-cı NATO Dövlət və Hükumət Başçıları Sammitində çıxışı səbəb olub. Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra mətbuata verdiyi açıqlamada İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların siqnalını verib.

ABŞ lideri bəyanatında, "Ötən gecə onları çox sərt vurduq. Böyük ehtimalla, bu axşam da İranı çox ağır şəkildə vuracağıq", ifadələrini işlədərək hərbi zərbələrin davam edəcəyini diqqətə çatdırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”