Yol yenə Ordubada sarıdır. Rayon ərazisində keçmişlə bu günümüzə körpü salan onlarla abidə var. Əksər qismi şəhərin bağrında əsrlərin sınağından keçərək hələ də öz qamətini dik saxlayan, memarlıq üslubu ilə şəhərin nəqşinə tarixi möhürünü vuran abidələr – Zorxana, buzxana, məscidlər, kəhrizlər, qədim məhəllələr bu torpağın sərvətidir. Tarixin qaranlıq səhifələrinə işıq tutan, kimliyimizin rəmzi olan, mədəniyyətimizin, məişətimizin, inancımızın göstəricisi olan Ordubad abidələri xarici səyyahları da özünə məftun etmiş, öz əsərlərində sevə-sevə bəhs etmişlər. Ordubadın adına ilk dəfə e.ə. I minilliyin əvvəllərində yazılı mənbələrdə “Ardupa” kimi rast gəlinir. Rayonun ərazisi Qədim Daş dövründən başlayaraq Son Orta əsrlərə qədərki dövrə aid abidələrlə zəngindir, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağında Tunc və İlk Dəmir dövrlərinə aid edilən, üzərində ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar olan qaya parçaları aşkar edilmişdir ki, bu da əcdadlarımızın həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini izləməyə imkan verir. Bu mənada, Xaraba Gilan şəhər yeri isə orta əsrlər dövrünün şəhər həyatını, təsərrüfatını, sənətkarlığını, müdafiə sistemini, su təchizatını və memarlığını tədqiq etmək üçün unikal arxeoloji abidədir.
Arxeoloqlar tarixin dərin qatlarında

Xaraba Gilan şəhər yeri hələ ötən əsrin əvvəllərindən öyrənilməyə başlanılıb. Belə ki, ilk tədqiqatlar 1926-29-cu illərdə aparılmış, 1976-cı ildən şəhər ərazisində başlanılmış arxeoloji tədqiqatlar isə fasilələrlə günümüzədək davam etməkdədir. Rayon mərkəzinə çatmamış Aza kəndinin şimal-şərqində yerləşən yol ayrıcı bizi Xaraba Gilan şəhər yerindəki II memorial kompleksə aparır. Xaraba Gilan şəhər yeri və onun ətrafındakı abidələr Azərbaycan tarixi və arxeologiyası üçün mühüm əhəmiyyətə malikdir. Arxeoloqlarımızın apardığı uğurlu tədqiqatlar tarixin dərin qatlarının sirlərini açmağa, öyrənməyə imkan verir. Nahamar yollarla irəliləyən avtomobilimiz, nəhayət, abidəyə yaxın ərazidə dayanır. Bir qədər piyada qalxmalı oluruq. Bizi AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Xaraba Gilan arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli qarşılayır. Naxçıvanın qızmar Günəşinin şüaları altında şövqlə işləyən gənc arxeoloqlarla – Sevinc Hüseynova, Lola Hüseynova və Günel Əliyeva ilə də tanış oluruq. Kənardan bu iş çoxları üçün, bəlkə də, sadə görünə bilər. Amma daha çox fırça və külünglə işləyən arxeoloqlar tarixin izlərini özündə daşıyan hər bir artefaktı zədələmədən üzə çıxarır, torpağın qoynunda gizlədiyi abidələrin üstünü ehtiyatla açırlar. Bəhlul müəllim bizi komplekslə tanış edir. May ayının 4-dən başlanılan ekspedisiya müddətində xeyli iş görülüb. Xaraba Gilan şəhər yerində fasilələrlə 50 il tədqiqat aparan Bəhlul İbrahimli deyir ki, bu il də ekspedisiya bir sıra tapıntıları ilə yadda qalacaq. Amma Xaraba Gilan şəhər yeri necə yaranıb, ilk olaraq bu tarixi səhifələmək lazım gəlir.

Burada şəhər necə yaranıb?
Giran (Kiran) şəhəri iqtisadi, siyasi, mədəni cəhətlərin inkişafı sayəsində formalaşıb. Bəhlul müəllimin dediyinə görə şəhər yerinin yaxınlığında XII-X əsrlərə aid nekropollar var. Mərdan gölü nekropolu X-VIII əsrlərə, daş qutu qəbirlərdən ibarət Muncuqlutəpə nekropolu e.ə. VIII-VI əsrlərə aiddir. Xaraba Gilan şəhər yeri elə- belə formalaşmayıb. Mərdan gölü və Muncuqlutəpə nekropollarından qərb tərəfdə – Plovdağda 3 nekropol var. Olduğumuz ərazi ilə üzbəüz yerləşən Plovdağı göstərən tarixçi-alim deyir ki, bu, 3 minillik xronoloji çərçivəni əhatə edən böyük abidələr kompleksidir. Kompleksdə həm yaşayış yerləri, həm nekropollar, həm də dini təyinatlı tikililər var. Plovdağ nekropolunda 103 kurqan birində, 44 kurqan birində, 14 qəbir də 3-cü nekropolda öyrənmişik. 1-ci, 2-ci nekropolların həm yanında, həm də altında yaşayış yerləri var. Üst mədəni təbəqə Son Tunc dövrünün kurqanlarıdır, alt hissəsi Erkən və Orta Tunc dövrü yaşayış yeridir. Tunc dövrünün bütün mərhələlərini 2-ci Plovdağ nekropolunda öyrənmək mümkündür. Erkən Dəmir dövrünə dair 3-cü Plovdağ nekropolu isə tamamilə ayrı tapıntıdır. Kurqanların forması fərqlidir. Bu dövr Plovdağın tərkolunan vaxtıdır. Çünki, e.ə. XIII əsrin sonu, XII əsrin əvvəllərində Assuriyanın hücumları başlayır. Assuriya bir dövlət kimi güclənir və ətraf ərazilərə hücum edir. Bu ərazilərdən keçərək Xəzərin cənubuna qədər gediblər. Plovdağ artıq XIII əsrin sonunda protoşəhər kimi abidə idi. Plovdağda coğrafi cəhətdən müdafiə qabiliyyəti olmadığından sakinlər Gilançayın sağ sahilinə keçib Sumbatan-dizə şəhər yerini salıblar. Sumbatan-dizə şəhər yerinin 3 qat müdafiə divarı var. Narınqalası, müdafiə divarları, su təchizat sistemi vardır. Sumbatan adı Mannaya dair mixi yazılarda iki yerdə çəkilib. Manna tayfalarının ən güclüsü sumbi tayfaları idi. Bu şəhər eramızdan əvvəl XII əsrdə assurların hücumu başlayan vaxtdan ta Əhəmənilər dövrünə, hətta deyərdim ki, e.ə. 512-ci ildə sakların üsyanı olan vaxtı dağılan şəhərdir. Əhəmənilər onlara qarşı mübarizə aparırdı. Sumbatan-dizə e.ə XII-VI əsrin sonlarına qədər mövcud olmuşdur. İki əsr buradakı şəhərlər haqqında bir məlumat yoxdur. Amma, e.ə. IV əsrdən Xaraba Gilanın artıq müdafiə sistemi, su təchizatı sistemi var idi və burada e. ə. II əsrə aid Parfiya çarı Böyük Mitridatın (e.ə. 123-87) gümüş sikkəsi tapılıb. Bütün bunlar göstərir ki, e.ə. IV-III əsrlərdə Giran (Kiran) şəhəri formalaşmışdı. Tarixçi-alim Sara Aşurbəyli qeyd edir ki, Giran adı şəhərə sonradan verilib. İlkin adı Aza olub. Az tayfalarının adı ilə – Aşağı Aza, Yuxarı Aza kənd adları da var, Arazın o tərəfində də Maraza, yəni marlarla azların-asların yaşadığı yer. Orta əsr mənbələrində bura Azadgiran adlanır. E.ə. X əsr ərəb tarixçisi Əssam əl-Kufi VII əsrə aid hadisələrdən bəhs edərkən Təbrizlə Beyləqan arasında kiran şəhərinin olduğunu yazır. Sonrakı mənbələrdə də Kiran, Giran adına rast gəlirik. Məhəmməd Hinduşah Naxçıvaninin atasının ləqəbi Girani idi. Onlar burada doğulmuşdular.

E.ə. III Sasanilər dövründə Naxçıvanın ağır günləri başlayıb. Dağıntılara məruz qalıb. Hətta, sasanilər Naxçıvan və onun ətrafından 18 min ailəni deportasiya ediblər. Sasanilərin Naxçıvanda pul zərb edən sikkəxanaları da olub. Ərəblərin hücumuna qədər Naxçıvan ərazisində əhəmiyyətli bir abidə qeydə alınmayıb. Sasanilər Naxçıvanın inkişafına əngəl olublar. Daha sonra Naxçıvan ərəblərin işğalına məruz qalıb. IX əsrin sonu X əsrin əvvəllərində ərəblər zəifləyəndən sonra hər yerdə feodal dövlətləri yarandığı kimi Azərbaycanda da yaranırdı. Naxçıvanda da Naxçıvanşahlıq yaranmışdı. Naxçıvanşahlığı idarə edən Dülafilər tayfası idi. Bu dövrdə Naxçıvanın mədəni cəhətdən inkişafı müşahidə olunur. Feodal dövlətinin zəiflədiyi dövrdə səlcuq tayfaları gəldi. Onların yaratdığı Böyük Səlcuq dövləti Naxçıvanın inkişafına da təsirsiz ötüşmədi. Həmin dövrdə Naxçıvan memarlıq məktəbi yaranmışdı. Bu məktəbin abidələri içərisində Yusif Küseyir oğlu (1162), Möminə xatun (1186) türbələri, Xaraba Gilandakı Böyük Səlcuqlular dövrünə aid memorial kompleksdə Əcəminin inşa etdiyi səkkizüzlü türbəni (1170-ci illər) xüsusilə qeyd etmək lazımdır. Kompleksdə 50-yə qədər daş türbə vardır. Belə bir memorial kompleks Mərkəzi Asiyada, Əfrasiyab şəhər yerində vardır. Naxçıvan Səlcuqlar dövründə həm iqtisadi, həm mədəni cəhətdən inkişaf eləmişdi. Bizim qazıntılarda aşkar edilən toxuculuq məmulatlarını buna misal gətirə bilərik. Səlcuqlu dövrünə aid parçaların özü yüksək təbəqəyə məxsus parçalar idi. Çünki bu parçalar qızıl, gümüş saplarla toxunmuşdu. İndiyə qədər də rəng və keyfiyyətini itirmədən qalıb. Səlcuqlardan sonra Atabəylər dövrü gəlir. Atabəylər dövründə səlcuqlu mədəniyyəti daha da inkişaf eləmişdi. Monqolların hücumu nəticəsində baş verən dağıntılardan sonra iqtisadiyyat zəifləyir. Şirli qab istehsalı dayanır. Monqollar 1231-ci ildə ikinci hücumları zamanı yerləşmək və dövlət qurmaq üçün gəlmişdilər. 1231-ci ildən Naxçıvan Qızıl Ordanın tərkibində idi. Hülaki xan 1256-cı ildə Yaxın Şərq, Azərbaycan, Cənubi Qafqaz da daxil olmaqla, 5-ci ulusu yaradır, Hülakülər həm də İlxanilər dövləti adlanır. “İl” imperiyanın tabe elədiyi yerlərə deyirdilər. İlxanilər dövlətinin yenidən qurduğu qalalardan biri də Gilan qalası idi. Şəhər XIV əsrin 30-cu illərində Əbu Səidin dövründə zəifləyir, dağıntıya məruz qalır və tərk edilir. Bu şəhərdən 500 metr aralı Aza şəhəri dirçəlir. Aza şəhərinin inkişaf dövrü Ağqoyunlu, Qaraqoyunlu və Səfəvilər dövrünə düşür. XVI əsrin sonları, XVII əsrin əvvəlləri Ordubad şəhər kimi meydana çıxır.

İlxanilər dövrünə aid böyük nekropol – 8 türbədən ibarət kompleks
Ötən il Xaraba Gilan şəhər yerində qazıntı aparılarkən çıxan materiallar İlxanilər dövrünə aiddir. Arxeoloji ekspedisiyanın rəisi Bəhlul İbrahimli qeyd edir ki, Xaraba Gilanın son dövrü İlxanilər zamanına düşür. Burada 8 türbə var. XIII-XIV əsrlərin 30-40-cı illərinə aid qəbir türbələrdir. Abidə 4 dəfə – XIV, XVI, XIX əsrdə və sovet dövründə dağıdılıb. Bu türbələr özündə tanrıçılığın əlamətlərini daşıyır.

Türbələrin hamısı kubşəkillidir. Ən böyük 1 saylı türbədir. Türbənin sərdabəsi xaçşəkilli formadadır. Ümumiyyətlə, Xaraba Gilan şəhər yerində xaç formasına həm ictimai, həm dini, həm də müdafiə tikililəri vardır ki, burada da əsas məqsəd tikilini zəlzələdən qorumaq olub. Türbələrin üzlüklərində istifadə olunan kərpiclər də müxtəlifdir. Təkcə həndəsi deyil, nəbati formada da bişmiş kərpiclər var. 2-ci türbənin sütununun tərtibatına, naxışlarına görə 1 saylı türbədən fərqlənir. Çox güman ki bu türbə əvvəlkindən 40-50 il sonra inşa olunub. Bu türbələrin bəzilərində elə kərpiclərə, elə elementlərə rast gəlinir ki, nə birinci memorial kompleksdə, nə də Xaraba Gilan şəhər yerinin başqa tikililərində rast gəlinmir. 2 saylı türbədə aşkar olunan qoç buynuzu formasında dekorativ kərpiclər vardır ki, bunlar qönçə və altındakı yarpaqlara da oxşayır. Hələlik üç türbə tədqiq edilmişdir. Türbələr tip baxımından oxşar olsalar da, həndəsi ornamentlərinə və daxili quruluşlarına görə bir-birindən fərqlənirlər. Adətən, belə türbələr bir nəslə məxsus ailə türbələri olur. Arxeoloji qazıntılar zamanı türbələrin ətrafından çoxlu sayda dekorativ bişmiş kərpiclər və ara bəzəkləri aşkar edilmişdir. Ara bəzəkləri, əsasən, astral fiqurlardan – günəş, ay və ulduz təsvirlərindən ibarətdir.
Gələn il 4-cü türbə açılacaq
Xaraba Gilan Cənubi Qafqazın az öyrənilmiş, lakin zəngin tarixi-mədəni irsə malik mühüm arxeoloji abidələrindən biridir və burada aparılan tədqiqatlar regionun qədim tarixinin öyrənilməsində xüsusi əhəmiyyət daşıyır. Xaraba Gilan şəhər yerində ikinci memorial kompleksdə tədqiq olunan kubşəkilli türbələr sübut edir ki, Naxçıvan memarları təkcə qülləvari türbələr deyil, eyni zamanda kubşəkilli türbələr də inşa etmişlər. Bu türbələr XIII-XIV əsrlərdə Naxçıvan memarlığının inkişaf xüsusiyyətlərini hərtərəfli öyrənməyə imkan verir. Bəhlul müəllim bildirir ki, əvvəlki ekspedisiyalarda olduğu kimi, bu il də unikal məlumatlarla qayıdacağıq. Növbəti il 4-cü türbə açılacaq.

Xaraba Gilan arxeoloji turizmin ünvanlarından ola bilərmi?
Bu sualla tarixçi-arxeoloq Bəhlul İbrahimliyə müraciət edirik. Müsahibim belə bir təkliflə artıq müraciət etdiyini bildirir. Qeyd edir ki, böyük tarixi əhəmiyyətə malik olan Xaraba Gilan şəhər yerini və ətraf əraziləri tanıtmaq, bu ünvanlara turist cəlb etmək olar. Bu həm iqtsadi baxımdan səmərə verər, eyni zamanda tarixin təbliğinə töhfəsini vermiş olar. Dünya təcrübəsi də göstərir ki, turistlər daha çox mahiyyət etibarilə maraqlı olan abidələri ziyarət edirlər. Xaraba Gilan şəhər yerinin abidələri də bu baxımdan unikal abidələrdir.
Ruhiyyə RƏSULOVA,
“Şərq qapısı” qəzetinin məsul katibi