10 iyul 2026 18:38
149

Sülh və tərəqqi marşrutu

Vaşinqtonda imzalanmış Birgə Bəyannamə ilə əsası qoyulan TRIPP layihəsi bu layihə, regionda onilliklərdir mövcud olan geosiyasi dalanları aradan qaldırmaq potensialına malikdir

Cənubi Qafqazın nəqliyyat və loqistika xəritəsi yaxın gələcəkdə regionun iqtisadi və siyasi mənzərəsini kökündən dəyişdirəcək irəliləyişlərə şahidlik edir. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə ilə əsası qoyulan TRIPP (Trump Route for International Peace and Prosperity – Beynəlxalq Sülh və Əməkdaşlıq Naminə Tramp Marşrutu) layihəsi, regionda onilliklərdir mövcud olan geosiyasi dalanları aradan qaldırmaq potensialına malikdir. Zəngəzur dəhlizi çərçivəsində reallaşdırılması planlaşdırılan bu təşəbbüs, təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən quru yolu deyil, həm də Şərq ilə Qərbi, Mərkəzi Asiya ilə Avropanı qovuşduran qlobal bir arteriyadır.

2026-cı ilin yanvarında ABŞ Dövlət Departamenti və Ermənistan Xarici İşlər Nazirliyinin birgə elan etdikləri TRIPP Tətbiq Çərçivəsi (TIF) sənədi və layihənin icrası üçün yaradılan TRIPP İnkişaf Şirkəti (TDC), prosesin artıq hüquqi müstəvidən praktiki mərhələyə keçdiyini göstərir. Rəsmi Bakı tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi bəyanatı ilə dəstəklənən bu layihə regionun Rusiya və İrandan yan keçərək birbaşa Qərb və Avropa bazarlarına açılması üçün unikal imkandır. TRIPP layihəsinin əsas sütununu dəmir yolu və multimodal nəqliyyat şəbəkəsinin qurulması təşkil edir. Ekspertlərin və rəsmi dairələrin qiymətləndirmələrinə görə, layihə çərçivəsində Ermənistan ərazisindən keçəcək dəmir yolu infrastrukturunun tam bərpası və inşası azı iki il müddət tələb edəcək. Bu xətt vaxtilə mövcud olmuş Mehri sahəsinin yenidən qurulmasını və müasir standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Paralel olaraq maneəsiz gediş-gəlişi təmin edəcək yüksəksürətli avtomobil yollarının və sərhəd-keçid infrastrukturunun qurulması da planlaşdırılır. Keçidlərin tam rəqəmsallaşdırılması və gömrük prosedurlarının sürətləndirilməsi üçün xüsusi texnoloji həllərin tətbiq olunması da əsas şərtdir. Bu günlərdə ABŞ-ın AECOM mühəndislik və konsaltinq şirkətinin mütəxəssisləri TRIPP layihəsi çərçivəsində planlaşdırılan dəmir yolu və digər infrastruktur layihələrinin hazırlanması məqsədilə Ermənistana səfər ediblər. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Səfirliyin açıqlamasına görə, ötən həftə AECOM şirkətinin nümayəndə heyəti Ermənistanda olub. Bildirilib ki, AECOM komandası Ermənistan hökumətinin tərəfdaşları ilə birlikdə TRIPP layihəsinin həyata keçiriləcəyi ərazidə araşdırmalar aparıb. Məqsəd dəmir yolu və digər infrastruktur obyektlərinin layihələndirilməsi, bununla da iqtisadi artımın, qarşılıqlı əlaqələrin və regional inteqrasiyanın dəstəklənməsidir.

Azərbaycan bu zəncirdə "giriş və nəzarət qapısı" statusundadır. Ölkəmiz olmadan layihənin Şərq qolunun tamamlanması qeyri-mümkündür. Layihənin icrasında ölkəmiz sadəcə bir tranzit iştirakçı deyil, prosesin əsas geosiyasi və iqtisadi drayveridir. Bakının strateji mövqeyi bu layihəyə bir neçə istiqamətdə unikal üstünlüklər qazandırır. TRIPP-in Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) inteqrasiya olunması, Azərbaycan ərazisindən keçən illik yükdaşıma həcmini kəskin şəkildə artıraraq təxminən 35 milyon tona çatdırmağa imkan verəcək. Eləcə də Azərbaycan Mərkəzi Asiya ölkələrinin (xüsusilə Özbəkistan və Qazaxıstanın) böyük sənaye və kənd təsərrüfatı potensialını Xəzər dənizi vasitəsilə birbaşa Qərb bazarlarına çıxarmaq üçün unikal qovşaq rolunu oynayır. Bu dəhliz Azərbaycanın milli təhlükəsizlik və suverenlik maraqlarının da tam təminidir. Belə ki, bu layihə ölkənin əsas ərazisi ilə Naxçıvan arasında birbaşa və maneəsiz əlaqəni təmin edəcək, Türkiyə ilə quru sərhədlərinin iqtisadi rentabelliyini maksimuma çatdıracaq. İndiyə qədər Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi yalnız Gürcüstan üzərindən keçən Bakı-Tbilisi-Qars (BTQ) xətti ilə təmin olunurdu. TRIPP vasitəsilə Zəngəzur dəhlizinin açılması Türkiyə (Qars/Iğdır) ilə Azərbaycanın əsas hissəsini Naxçıvan üzərindən birləşdirən daha qısa, alternativ quru və dəmir yolu dəhlizi yaradacaq, tək xətdən (Gürcüstan marşrutundan) asılılıq aradan qalxacaq. Həmçinin Türkiyə və Azərbaycan logistika şirkətləri regional daşımalarda vahid şəbəkə kimi fəaliyyət göstərmək imkanı qazanacaqlar. Türkiyənin istehsal sənayesi üçün Mərkəzi Asiyanın xammal bazarlarına, Azərbaycan üçün isə Türkiyə vasitəsilə Avropa bazarlarına birbaşa logistik çıxış təmin olunacaq. Nəticədə Azərbaycan və Türkiyənin nəqliyyat operatorları (məsələn, ADY, TCDD və özəl logistika nəhəngləri) birgə konsorsiumlar yaradaraq Çindən Avropaya gedən yüklərin daşınmasında əsas qlobal oyunçulara çevriləcəklər.

Xatırladaq ki, Azərbaycan layihənin kağız üzərində qalmasına imkan verməyərək, öz suveren ərazilərində infrastruktur işlərini demək olar ki, tamamlayıb: Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinin böyük hissəsi Bakının daxili maliyyə qaynaqları ilə artıq icra edilib. Bu yüksək hazırlıq səviyyəsi Azərbaycana beynəlxalq konsorsiumlarda və ABŞ tərəfindən qurulan TRIPP İnkişaf Şirkəti (TDC) daxilində şərtləri diktə edən tərəf olmaq imkanı verir.

TRIPP vasitəsilə Ermənistanın da Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə edərək şimal-cənub xəttini aktivləşdirmək imkanı qazanması, regionda revanşizm meyllərini iqtisadi maraqlarla əvəz edəcək bir amildir. Azərbaycanın təşəbbüsü və qətiyyətli xarici siyasəti sayəsində vaxtilə regional müstəvidə müzakirə edilən Zəngəzur dəhlizi, ABŞ-nin mühəndislik və qlobal investisiya dəstəyi ilə "TRIPP" adı altında dünya ticarətinin əsas arteriyalarından birinə çevriləcəyi şübhəsizdir. Bu, Bakının qlobal logistikada mərkəzi oyunçu statusunu növbəti onilliklər üçün qətiləşdirir.

Sevinc Azadi, “İki sahil”