11 iyul 2026 23:47
99

Azərbaycan Alpinizm Federasiyasının İdarə Heyəti beynəlxalq turnirin finalçıları ilə görüşüb

Azərbaycan Alpinizm Federasiyasının İdarə Heyəti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Mikheil Khergiani Cup 2026” beynəlxalq idman dırmanması turnirində final mərhələsinə yüksələn Azərbaycan idmançıları ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə boulderinq növü üzrə qadınlar arasında ikinci yeri tutan Leyla Əhmədova , kişilər arasında üçüncü yerin sahibi Nazim Yusifzadə , eləcə də turnirin final mərhələsinə yüksələn digər Azərbaycan idmançıları və komandanın məşqçisi Çingiz Tağızadə iştirak ediblər.

İdarə Heyətinin üzvləri idmançıları əldə etdikləri nəticələr münasibətilə təbrik edib, onların beynəlxalq yarışlarda uğurlu çıxışının Azərbaycanda idman dırmanmasının inkişafı baxımından əhəmiyyətini vurğulayıblar. Görüş zamanı idmançıların hazırlıq prosesi, turnirdəki çıxışları və qarşıdakı yarışlarla bağlı planlar müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan turnirdə iki kişi və iki qadın olmaqla dörd idmançı ilə təmsil olunub. Komandanın bütün üzvləri təsnifat mərhələsini uğurla keçərək finala yüksəliblər. Yarışın yekununda Leyla Əhmədova gümüş, Nazim Yusifzadə isə bürünc medal qazanıb.

Görüşün sonunda idmançılara gələcək yarışlarda uğurlar arzulanıb.